63
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsində Meydan TV əməkdaşlarına qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı ilə istintaq dövründə jurnalistlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq”da şübhəli bilinərək saxlanılıblar.
Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Digər saxlanılan şəxs, Meydan TV əməkdaşı olmayan ancaq onlarla eyni gündə saxlanılan vətəndaş cəmiyyətinin üzvü, media işçisi Ülvi Tahirov barəsində də məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.
2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV