87
Müstəqil jurnalist, reportyor Ramin Deko və “Meydan Tv”nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq” cinayətində şübhəli bilinərək 6 dekabr tarixində saxlanılıblar.
Bu haqda onların vəkilləri məlumat verib. Bildirilib ki, jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə açılan cinayət işi çərçivəsində saxlanılıblar, onlara qarşı ittiham irəli sürülüb.
Jurnalist Xəyalə Ağayevanın vəkili Nazim Musayev bildirib ki, jurnalist iddiaları rədd edib və deyib ki, jurnalistika fəaliyyətinə görə həbs olunub.
Günortadan etibarən, müstəqil jurnalist Ramin Deko saxlanılıb. Jurnalistlər – Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq və Aysel Umudovadan isə xəbər almaq mümkün olmayıb. Jurnalist Aysel Umudovanın vəkili isə bildirib ki, o, şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.
Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Məlumata görə “Meydan TV işi” ilə əlaqəsi olmayan başqa şəxslər də saxlanılıb və saxlanılanların ən azı 13 nəfər olması ehtimal olunur.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması müstəqil mediaya qarşı atılan addımdır, baş verənlər qanunsuzdur.
Ötən ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalistlər “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV