Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı bir neçə yeni qərarını elan edib. Məhkəmə Vəkillər Kollegiyasından xaric edilən vəkilin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin hüquqlarının pozulduğunu aşkarlayıb.
Vəkil Əfqan Məmmədovun işi onun 2013-cü ildə Vəkillər Kollegiaysı üzvlüyündən xaric edilməsi ilə bağlıdır.
Aihmaz.org saytının məlumatına görə, Əfqan Məmmədov başqa bir vəkili korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə də istintaq orqanlarına vəkil orderi satmaqda ittiham edib və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət edib. Bundan sonra ona qarşı intizam işi qaldırılıb.
Məmmədov Rəyasət Heyətinin və onun sədrinin legitimliyini şübhə altına alaraq intizam icraatında şəxsən iştirak etməkdən imtina edib. Rəyasət Heyəti ərizəçinin hərəkətlərinin vəkil peşə etikası ilə bir araya sığmadığı rəyinə gəlib və milli məhkəmələr də eyni nəticəni hasil edib.
AİHM-ə şikayətində Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan ərizəçi iddia edirdi ki, ona qarşı intizam icraatı və vəkillikdən kənarlaşdırılması hüquqları pozub. O, həmçinin Konvensiyanın 46-cı maddəsinə əsaslanaraq Avropa Məhkəməsindən vəkilliyə bərpa olunmasını təmin etməsini istəyirdi.
AİHM bu işdə ərizəçiyə münasibətdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Qərara əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 5 min, xərc və məsrəflərə görə 1000 avro ödənilməlidir.
Ərizəçinin kollegiyaya bərpa olunması tələbinə gəlincə, məhkəmə bunu təmin etməyi AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin öhdəsinə buraxıb.
“Dövlətlər tərəf olduqları istənilən iş üzrə Məhkəmənin yekun qərarlarına riayət etmək öhdəliyi götürüblər, bu öhdəliyin icrasına Nazirlər Komitəsi nəzarət edir. Hazırkı işdə ərizəçinin əvvəlki vəziyyətinə bərpa olunmasına nail olmaq üçün Nazirlər Komitəsi görüləcək xüsusi tədbirləri qiymətləndirmək üçün Məhkəmədən daha yaxşı mövqeyə malikdir. Beləliklə, cavabdeh dövlətin təqdim etdiyi məlumatlar əsasında və ərizəçinin vəziyyətini nəzərə alaraq, digərləri ilə yanaşı, onun peşəkar fəaliyyətinin bərpasına yönəlmiş tədbirlərin görülməsinə nəzarət olunması Nazirlər Komitəsinə həvalə edilməlidir”, Avropa Məhkəməsi qərarında vurğulayıb.
Strasburq Məhkəməsi AXCP sədri Əli Kərimlinin şikayəti üzrə də qərarını elan edib.
“Kərimli və digərləri Azərbaycana qarşı” məhkəmə işi 2018-ci ilin dekabr ayında Bakıdakı Hüseyn Cavid parkından parlament binasına doğru dinc aksiyanın keçirilməsinə icazə verilməməsi ilə bağlıdır.
Vəkil Fariz Namazlının təmsil etdiyi ərizəçilər – Əli Kərimli, İlham Hüseynov, Vahid Məhərrəmov, Nurəddin Məmmədli və Emil Salimov Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq AİHM-ə dinc toplantıların keçirilməsinin qadağan edilməsindən və digər məhdudiyyətlərin qanunsuzluğundan şikayət etmişdilər.
“Avropa Məhkəməsi Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq hüququnun pozulması nəticəsinə gəlib və hesab edib ki, hazırkı işdə ərizəçilərin sərbəst toplaşmaq azadlığı hüququna olan müdaxilə ya Konvensiyanın “qanunun keyfiyyəti” tələblərinə cavab verməyən hüquqi müddəalara əsaslanıb, ya da “demokratik cəmiyyətdə zəruri olmayıb””, Fariz Namazlı bildirib.
Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 11-ci maddəsinin pozuntusunu tanıyıb. Qərara əsasən, ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 1500, xərc və məsrəflərə görə 250 avro ödənilməlidir.
Qərar çıxarılan digər bir iş isə “Yaqublu və başqaları Azərbaycana qarşı” işidir. Bu məhkəmə işi dinc aksiya iştirakçısı olan müxalif siyasi partiya nümayəndələrinə qanunsuz və qeyri-mütənasib tədbirlərin tətbiqi iddiaları ilə bağlı idi.
Konvensiyanın 5-ci, 6-cı və 11-ci maddələrinə əsaslanan ərizəçilər barələrindəki inzibati icraatın qurama, məhkəmə prosesinin ədalətsiz olmasından şikayət etmişdilər.
Ərizələrin kommunikasiyası zamanı AİHM-ə təktərəfli bəyannamə təqdim edən hökumət iddia olunan pozuntuları etiraf edərək, ərizəçilərə təzminat ödəməyi təklif edib.
AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Tofiq Yaqubluya (1-ci ərizə) 3500, Fuad Qəhrəmanlı, Tofiq Yaqublu (2-ci ərizə), Razim Əmiraslanlı və Qoşqar Nurəliyevin hər birinə 2340 avro mənəvi zərər əvəzi ödəməlidir. Hər ərizəyə görə həmçinin, 225 avro hüquqi xərclər əvəzi ödənilməlidir. Ərizəçiləri Strasburq məhkəməsində vəkil Nemət Kərimli təmsil edib.
“Rəhim Vəliyev və Yusif Qarayev Azərbaycana qarşı” məhkəmə işində isə hər iki ərizəçi inzibati qaydada saxlanılmış, daha sonra məhkum edilmişdilər.
Yerli məhkəmələr ərizəçilərin barələrindəki inzibati icratın qanunsuzluğu ilə bağlı iddialarını rədd etmişdilər. Onlar AİHM qarşısında hər hansı inzibati xətaya yol vermədiklərini, şərlənib həbs olunduqlarını, məhkəmələrin qərarlarının heç bir əsas olmadan onları məhkum etdiyini iddia edirdilər.
Digər iddiaları mahiyyəti üzrə araşdırmağa ehtiyac görməyən AİHM ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
Qərara əsasən, vəkillər Zibeydə Sadıqova və Nemət Kərimlinin təmsil etdiyi ərizəçilərin hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1250 avro ödənilməlidir.
Nəhayət, noyabrın 14-də AİHM “Rzalı Azərbaycana qarşı” işi üzrə də qərarını elan edib.
Məhkəmə işi ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “polis əməkdaşının qanuni əmrini yerinə yetirmədiyinə görə” inzibati qaydada həbs edilməsi ilə bağlıdır.
İşin hallarına görə, ərizəçi Facebook-da paylaşdığı yazılarında yüksək rütbəli polis məmurlarını təhqir etdiyi iddiası ilə polis bölməsinə “dəvət olunub”. O, arxasınca gələn polislərlə bölməyə getməməklə “polislərin əmrinə tabe olmamaqda” ittiham olunurdu.
Cəlilabad Rayon Məhkəməsi 12 iyul 2018-ci il tarixdə ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə günahkar bilib və ona 20 sutkalıq inzibati həbs cəzası verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Konvensiyanın 5-ci, 6-cı və 10-cu maddələrinə əsaslanan ərizəçi ölkədaxili icraatların ədalətsizliyindən və onun ifadə azadlığı hüququnu pozmasından şikayət etmişdi.
Bu ərizənin kommunikasiyası zamanı tərəflər dostca razılaşıblar. Razılaşmaya əsaslanan qərardada görə, hökumət vəkil Əlibaba Rzayevin təmsil etdiyi ərizəçiyə 2500 avro məbləğində təzminat ödəməlidir.
Amerikanın Səsi