Famil Xəlilov həbsini qanunsuz sayır və buna etiraz olaraq 77 gündür ki, aclıq edir
Narkotiklərin qanunsuz dövriyyəsində ittiham edilən serebral iflic xəstəsi olan ictimai fəal Famil Xəlilovun həbsxanada uzunmüddətli aclıq aksiyasından sonra ayaqları tutulub.
Bu barədə məlumatı onun həyat yoldaşı Kiçikxanım Xəlilova yayıb. O bildirib ki, Famil təcridxanaya aparılanda çəkisi 118 kiloqram idi, 77 günlük aclıq aksiyası nəticəsində 36 kiloqram çəki itirib.
“Familin ayaqlarında uyuşmalar artıb. O, hərəkət edə bilmir. Dünən həkimlər ondan qan analizi götürüblər”, – deyə oktyabrın 29-da 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanan ictimai fəalla görüşündən sonra Kiçikxanım Xəlilova “Amerikanın Səsi”nə bildirib.
Onun sözlərinə görə, 1-ci qrup əlil olan həyat yoldaşı mədəsində və başında kəskin ağrılardan əziyyət çəkir. Buna baxmayaraq, Famil Xəlilov aclığı sonadək davam etdirəcəyini bildirib.
Vəkil Bəhruz Bayramov deyib ki, ağır durumda olmasına baxmayaraq, Famil Xəlilovun məhkəməsi noyabrın 28-nədək – COP29 tədbirləri bitənə qədər təxirə salınıb.
Penitensiar Xidmət isə Famil Xəlilovun, həmçinin həbs edilmiş bütün şəxslərin hüquqlarının təmin edildiyini, qanun çərçivəsində mənafelərinin qorunduğunu bildirir.
F.Xəlilov həbsini qanunsuz sayır və buna etiraz olaraq 77 gündür aclıq edir.
Famil Xəlilov keçmiş siyasi mühacirdir, ötən il İsveçdən readmissiya edilib. O, bundan sonra da sosial şəbəkə hesablarında Azərbaycan hökumətini tənqid edən fikirlər paylaşıb.
Xəlilov bu ilin may ayında evində polis basqını ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AbzasMedia