Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə çağırıb

tərəfindən Gozetci

Sentyabrın 17-19-da Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin  qərarlarının icrasına nəzarət məsələlərinə baxılıb.

Bu məsələlər arasında Azərbaycandan işlər də olub, Turan-a Avropa Şurasının mətbuat xidmətindən bildiriblər.

Əsasən, “Mahmudov və Ağazadə qrupu Azərbaycana qarşı” işi ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozulması, qeyri-mütənasib cinayət sanksiyalarının (xüsusilə böhtana görə həbs cəzalarının) tətbiqi və Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiqilə bağlıdır.

Nazirlər Komitəsi praktikada milli məhkəmələrin əvvəlkitək böhtana görə cəza kimi həbs cəzasından istifadə etməkdən çəkinməsilə bağlı hakimiyyətin təqdim etdiyi informasiyanı “maraqla” diqqətə alıb.

Bununla yanaşı, narahatlıqla qeyd edilib ki, bəzi hallarda diffamasiyaya görə cəza kimi həbs cəzası verilə bilər.

Nazir Komitəsi “hakimiyyətin daxili qanunvericiliyi Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı) tələblərinə hələ də uyğunlaşdıra bilməməsini” (əsasən diffamasiyaya görə həbs cəzasının aradan qaldırılması yoluyla) təəssüflə qeyd edib.

Nazirlər Komitəsi mətbuata ictimai nəzarətçi kimi öz mühüm rolunu sərbəst həyata keçirmək imkanı verməkdən ötrü cinayət müddəalarının özbaşına tətbiq edilməməsi üçün hakimiyyəti məhkəmə praktikasının yaxşılaşdırılması üzrə səylərini artırmaq çağırışlarını təkrarlayıb.

Nazirlər Komitəsi 2025-ci ilin sentyabrında bu qrupun işinə yenidən baxacaq.

Hakimiyyətə tövsiyə edilib ki, bu iclasa qədər həll olunmamış bütün məsələlər barədə məlumat verilsin.

Əgər o vaxta qədər, əsasən də diffamasiya ilə bağlı qanunvericilik düzəlişlərinə dair nəzərəçarpacaq irəliləyiş olmasa, Nazirlər Komitəsi aralıq qətnamə layihəsinə baxacaq.

Nazirlər Komitəsi “Anar Məmmədli qrupu Azərbaycana qarşı” işinə də baxıb.

Söhbət Azərbaycan vətəndaş cəmiyyətinin və mediasının yeddi nümayəndəsindən gedir: Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunus, mərhum Bayram Məmmədov və Qiyas İbrahimov. Onların barəsində Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddələri pozulub.

Komitə ərizəçilərin hələ də bəraət almadıqlarını təəssüflə qeyd edib.

Komitə hakimiyyəti ərizəçilərin bəraət alması, onların mülki və siyasi hüquqlarının tam bərpası üçün səyləri təcili olaraq artırmağa çağırıb.

Qeyd edək ki, bu ilin aprelində Anar Məmmədli qaçaqmalçılıq ittihamı ilə yenidən həbs edilib və onun işi yerli və beynəlxalq hüquq- müdafiə qurumlarının tənqidinə səbəb olub.

Nazirlər Komitəsi “Sarqsyan Azərbaycana qarşı” işinə də baxıb.

Bu iş Birinci Qarabağ Müharibəsi dövründə erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aiddir.

2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi qərara alıb ki, Azərbaycan ərizəçinin varislərinə kompensasiya ödəməlidir.

Lakin bu qərar icra olunmayıb.

Nazirlər Komitəsi həmçinin Ermənistanın “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarı hələ də yerinə yetirmədiyini bildirib. Bu iş Laçın rayonundan keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına aiddir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az