İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov Bakı İstintaq Təcridxanasında qanunsuz həbsinə etiraz əlaməti olaraq 88 gündür aclıq edir. Bu barədə Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkən qardaşı Nazim Qasımov bildirib.
“Qardaşımın durumu acınacaqlıdır. O, hər an həyatını itirə bilər. Yalvarışlarımıza baxmayaraq, inadından dönmür. Çəkisi 67 kiloqramdan 35 kiloqramadək düşüb. Dəhşətli ağrılardan qıvrılır. Qorxunc ağrıların sifətinə çökmüş cizgiləri, onun iniltiləri ürəyimi parçalayır. Saçları tam ağarıb, beli bükülüb”, deyə Qasımov qeyd edib.
Onun sözlərinə görə, müalicə müəssisəsində Fazil Qasımovun vəkilləri ilə danışıqlarına qulaq asılır. “Yazdığı müraciətlər, vəsatətlər də senzuraya məruz qalır. Nəzarətçilər onun yazdılarını oxuyur və lazım bilmədiklərini əlindən alırlar”, deyə Nazim Qasımov qardaşına istinadən bildirib.
Öz növbəsində, vəkil Telman Qasımov Turan-a Fazil Qasımovun durumunun çox ağır olduğunu təsdiq edib. “Onun arterial təzyiqi 50/30 nisbətinə düşür”, deyə o bildirib.
Penitensiar Xidmət F.Qasımovun aclıq etməsi və vəziyyəti haqqında məlumatlarla bağlı şərh vermir.
* Fazil Qasımov 7 avqust 2023-cü il tarixində Türkiyədə saxlanılıb, Azərbaycana gətirilib və ona qarşı CM-in 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq onun sonradan həbs edilən müxalif siyasətçi Qubad İbadoğluna saxta pul verdiyini iddia edir.
Qasımov baş prokurora, ombudsmana, yerli və beynəlxalq ictimaiyyətə müzakirəsində bildirib ki, etirafedici ifadələri işgəncə altında verdiyini, İbadoğluna saxta pul vermədiyini, heç vaxt onunla FETÖ (Türkiyədə terrorçu təşkilat kimi tanınan hərəkat) mövzusunda müzakirələr aparmadığını bildirib.
İyunun 14-dən etibarən Qasımov əsassız cinayət təqibinə etiraz əlaməti olaraq aclıq edir. İyulun 26-da vəziyyətinin pisləşməsi ilə əlaqədar Qasımov İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Turan