72
İmran Əliyev və Anar Məmmədlinin işi “Abzas Media işi”indən ayrılıb, ayrı icraatda aparılır
Parlamentin fəaliyyətini monitorinq edən “Meclis.info” platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Abzas Media-nın məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti təmin edilməyib, məhkəmə İmran Əliyevi həbsdə saxlayıb.
İ.Əliyev aprelin 18-də Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay bir gün həbs qətimkan tədbiri seçilib.
Məlum olub ki, polislər İmran Əliyevi döyüb, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdırıblar.
Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub.
Konfransda prezident Əliyevə İmran Əliyevlə bağlı sual verilib. İlham Əliyev jurnalistlərin həbsini təsdiqləsə də, bunun qanun çərçivəsində olduğunu bildirib.
Bundan bir qədər sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.1 (Qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə də ittiham irəli sürülüb.
İmran Əliyev əvvəlcə “Abzas Media işi” üzrə saxlanılsa da, sonradan müstəntiqlər cinayət işinin ayrı icraatda aparıldığını bildiriblər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İmran Əliyevin həbsini siyasi sifariş hesab edir.
AbzasMedia