Niyaməddin Əhmədovun həbsxanada aclıq aksiyası keçirdiyi deyilir

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü Niyaməddin Əhmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyilib ki, Niyaməddin Əhmədov martın 15-də aksiyaya başlayıb və artıq 7 gündür ki, aclıq edir:

“Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmirdi, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumlarla görüşə problem yaradılmışdı. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən istədiyi kitabça da ona verilməyib. Niyaməddin bütün bunlara etiraz etdiyi üçün karsa (cərimə kamerasına) salınmışdı”.

AXCP-dən qeyd olunub ki, cərimə kamerasından çıxdığı gün onun başını zorla qırxıblar.

Partiyadan vurğulandığına görə, Niyaməddin Əhmədov da məhz bütün bunlara etiraz olaraq aclıq aksiyasına əl atmalı olub.

Penitensiar Xidmətin mətbuat xidmətindən “Turan”a bildirilib ki, məhkum Niyaməddin Əhmədov ilə bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda 1 dəfə) ona yaxın qohumları ilə görüş təqdim olunur:

“Sonuncu dəfə 10 mart tarixində atası ilə görüşməsinə şərait yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ təmin edilir. Aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyinə heç bir müraciəti daxil olmayıb, hazırda cəzasını ümumi məhkum kütləsi ilə birlikdə çəkir”.

Xatırlatma

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib. İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) – ittiham verilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.

N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az