Bəxtiyar Hacıyevin məhkəməsi davam edib

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

Martın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi davam edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyev öz ifadəsində ittihamın heç bir bəndi üzrə özünü təqsirli bilmədiyini deyib.

“Bəxtiyar Hacıyev qaçaqmalçılıqda özünü təqsirli bildi və hakimlə dövlət ittihamçısının nəzərinə çatdırdı ki, 2020-ci ildə Almaniya və Türkiyədən külli miqdarda pul vəsaiti daxil olub. Bu vəsait 44 günlük Qarabağ müharibəsi zamanı gömrükdə bəyan etmədən ordu bölmələrinə, hərbçilərə ehtiyacları ödəmək üçün sərf edilib. Bəxtiyar Hacıyev bildirdi ki, bu məsələ ilə bağlı prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət edib ki, müdaxilə edilsin və gömrükdə problem yaranmasın. Bu müraciət də təmin edilib. Bu mənada Bəxtiyar Hacıyev 4 il əvvəl qaçaqmalçılıq etdiyini dedi. Əgər bu məsələyə görə qaçaqmalçılıq ittiham irəli sürüləcəksə razı olduğunu qeyd etdi. Lakin ibtidai istintaqın ortaya qoyduğu epizodlar tamamilə uydurmadır. Guya Gürcüstan üzərindən qrant pulların ölkəyə gətirilməsi və gömrükdə həmin pulların bəyan edilməməsi ilə bağlı olan ittihamları Bəxtiyar Hacıyev qəbul etmədi” – hüquq müdafiəçisi qeyd edib.

Məhkəmə iclasında Bəxtiyar Hacıyev məhkəmə iclaslarının daha tez-tez keçirilməsi haqqında vəsatət qaldırıb.

“Bəxtiyar bildirdi ki, ayda 2 dəfə məhkəmə iclasının keçirilməsi kifayət qədər azdır. Bunu özünə işgəncə olaraq hesab edir. 16 aydır ki, o, qapalı məkanda saxlanılır. Hakim vəsatəti təmin etdi, bayramdan sonra həftədə iki dəfə olmaqla məhkəmə iclasının keçirilməsi gözlənilir” – Rüfət Səfərov bildirib.

Daha sonra iclasda Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verilib. Hakim şikayəti təmin etməyib.

Növbəti iclas aprelin 5-nə təyin edilib.

Xatırlatma

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev hesab edir ki, ona qarşı bütün ittihamlar saxtadır. O əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az