Niyaməddin Əhmədov həbsxanada “kars”a salınıb

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, həmçinin partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun 12 saylı cəzaçəkmə müəssisəsində cəzalandırıldığı deyilir.

Partiyanın yaydığı məlumata görə, Niyaməddin Əhmədov cəzaçəkmə müəssisəsində cərimə kamerası (“kars”) ilə cəzalandırılıb.

“Dedilər 6 günlük “kars” cəzası alıb, onun olduğu kameradan şeir tapıblar, şeirdə isə hakimiyyət tənqid olunubmuş”.

AXCP-dən bildirilib ki, Niyaməddin Əhmədov həbsdə də təzyiqlərə məruz qalır və bundan öncə də müxtəlif bəhanələrlə bir neçə dəfə cəzalandırıblar.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP bu ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az