CPJ Azərbaycan hakimiyyətini Toplum TV-yə qarşı təqibləri dayandırmağa çağırır

tərəfindən Gozetci

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Toplum TV jurnalistlərini azad etməyə, müstəqil xəbər orqanının əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməyə, medianın azad şəkildə işləməsinə şərait yaratmağa çağırıb.

“Abzas Media və Kanal 13-ə bənzər hücumlardan sonra Toplum TV-yə basqın və jurnalistlərin həbsi onu göstərir ki, Azərbaycan hakimiyyəti ölkənin müstəqil mətbuatının son qalıqlarını da yox etmək niyyətindədir”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said bildirib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin onkoloji xəstəlikdən müalicə aldığı bir zamanda polis tərəfindən saxlanılmasını “xüsusi hədsizlik” kimi qiymətləndirən Gülnoza Said, Azərbaycan hakimiyyətini Ələsgər Məmmədli və Müşfiq Cabbarı dərhal azad etməyə, Toplum TV əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməyə və müstəqil mediadan reportajlarına görə qisas almağı dayandırmağa çağırıb.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, III Respublika Platformasının ofislərində, həmçinin əməkdaşların evlərində axtarışlar aparıb.

Axtarış zamanı iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV jurnalistləri Müşfiq Cabbara, Fərid İsmayılova və Elmir Abbasova qarşı “qaçaqmalçılıq” ittihamı ilə cinayət işi açılıb. Məhkəmə Müşfiq Cabbar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, İsmayılov və Abbasov zaminə buraxılıb.

Martın 6-da saxlanılan Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də fəallar Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova da “qaçaqmalçılıq” ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də isə Toplum TV-nin təsisçisi, tanınmış hüquqşünas Ələsgər Məmmədli və III Respublika Platformasının təsisçi üzvü Ruslan İzzətli “qaçaqmalçılıq” ittihamı ilə saxlanılaraq barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

Martın 11-də yaydığı bəyanatda Toplum TV axtarış əməliyyatının və həbslərin qanunsuzluqla müşayiət olunduğunu qeyd edib. Polis axtarış əməliyyatından sonra Toplum TV-nin ofisini möhürləyib, bir sıra avadanlıqları “qəsb edib”.

Bundan sonra, internet televiziyasının 90 mindən çox izləyicisi olan Youtube səhifəsi və digər sosial media hesabları ələ keçirilərək silinib. Toplum TV kiberhücuma görə məsuliyyəti Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daşıdığını bildirir.

ABŞ, Böyük Britaniya və Fransa həbslərlə bağlı “dərin narahatlıq” ifadə edib, Freedom House, Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar kimi beynəlxalq media azadlığı təşkilatları, habelə AŞPA məruzəçisi həbsləri pisləyiblər.

“Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Rəsmi Bakı ABŞ və Böyük Britaniyanın bəyanatlarına cavab verməsə də, Fransanı Azərbaycanın “daxili işinə qarşımaqda” günahlandırıb və əlavə edib ki, “Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir”.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq “ölkəyə qaçaqmalçılıq yolu ilə xarici valyuta gətirmək” ittihamı ilə Abzas Medianın 6 jurnalisti də daxil olmaqla 10-dan çox jurnalist həbs edilib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az