İstintaq təcridxanasında keçmiş deputat Nazim Bəydəmirlinin səhhəti pisləşib

tərəfindən Gozetci

Nazim Bəydəmirli

İstintaq təcridxanasında saxlanılan keçmiş deputat, sahibkar Nazim Bəydəmirlinin səhhəti pisləşib. Bu barədə onun xanımı Fəridə Bəydəmirli Facebook-da yazıb.

Onun sözlərinə görə, martın 1-də təcili elektrokardioqram və exokardioqram müayinəsi aparıblar.

“Həkim ona impulsiv ürək blokunun ikinci mərhələyə qədəm qoyduğunu bildirib. O, təcili qanvermənin və nəticədən asılı olaraq müalicə təyin olunmasının vacibliyini qeyd edib”, – Fəridə Bəydəmirli bildirib.

Lakin Bəydəmirli nəticələrə etibar edə bilməsi üçün analizlərin ailəsinin seçdiyi laboratoriyada aparılmasına israr edir.

Bundan öncə, fevralın 19-da Penitensiar Xidmətin həkimləri Bəydəmirlini müayinə ediblər və ona qan analizi verməyi təklif ediblər. Ancaq o xahiş edib ki,  onu etibar etdiyi həkimlər müayinə etsinlər.

Bununla əlaqədar  Bəydəmirlinin vəkili Penitensiar Xidmətin  rəhbərliyinə və ombudsmana müraciət edib. Müdafiə tərəfi həbs yerlərinin daxili intizam qaydalarının 27.6-cı maddəsinə istinad edir ki, bu da məhkumun öz seçdiyi mütəxəssis tərəfindən və öz hesabına müayinə edilməsinin mümkünlüyünü nəzərdə tutur.

*Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.

Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ətraf mühitin çirkləndirilməsilə bağlı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarını dəstəkləməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə  qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, bu ittiham guya  1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanır. Vəkil həm mahiyyət etibarilə, həm də iddia müddətinin keçməsilə əlaqədar ittihamın əsassız olduğunu deyib.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az