Əvəz Zeynallı və Elnur Şükürov son sözlərində ittihamları rədd ediblər

tərəfindən Gozetci

Əvəz Zeynallı

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural TV” İnternet- resursun rəhbəri Əvəz Zeynallı və “Səda” TV Youtube kanalının rəhbəri Elnur Şükürovun işi üzrə prosesdə müttəhimlərin yekun çıxışları başlayıb.

Elnur Şükürov ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib. Sonra Zeynallı son sözü ilə çıxış edərək işin saxtalaşdırıldığını və ittihamın əsassız olduğunu bildirib.

Zeynallının çıxışı fevralın 26-da davam edəcək.

Xatırladaq ki, bundan əvvəl prokuror məhkəmədən Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilərək 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Prokuror Şükürovun Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə beş il həbs cəzasına məhkum olunmasını istəyib.

* Ötən il sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

İstintaqın məlumatına görə, Sadıqovun vasitəçiliyilə Zeynallı həbsdə olan sahibkar Rasim Məmmədovun ailəsindən pul alıb ki, onun haqqında böhtan xarakterli məlumatlar dərc etməsin.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb, onun işini ayrıca icraata götürüb.

Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə  (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs edilib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az