Ruslan İzzətli yenidən orduya çağırılır

tərəfindən Gozetci

Ruslan İzzətli

“III Respublika Platforması”nın üzvü Ruslan İzzətli hərbi təlimlərə çağırılıb.

O, Turan-a bildirib ki, yanvarın 31-də ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsindən zəng edilib:

“Dedilər ki, Ağdam rayonuna gəlməliyəm. Səbəb kimi bildirdilər ki, keçiriləcək hərbi təlimlərə cəlb olunuram”.

Ruslan İzzətli qeyd edib ki, son vaxtlar baş verən siyasi gərginlik fonunda bunu siyasi tapşırıq kimi qiymətləndirmək olar:

“Bununla paralel olaraq, mənimlə hərbi xidmətdə olan dostlarla da əlaqə saxlamışam və onların heç birinə bu təlimlərlə bağlı çağırış olmayıb”.

Siyasətçinin sözlərinə görə, o, hərbi xidmətdən yeni gəlib:

“Belə olan halda nə təlim? Həm də biz döyüşlərdə iştirak etmişik, bu təlimlərin ən yüksəyini görmüşük”.

O, əlavə edib ki, sabah Ağdama gedəcək və cümə günü tibbi komissiyadan keçəcək: “Tibbi komissiyanın qərarından bunun tapşırıq olub-olmadığını biləcəyik. Çünki 3 il əvvəl həmin komissiya mənə rəy vermişdi ki, səhhətimlə bağlı ciddi problem var, amma ikinci qərarda bu rəydən imtina ediblər və məni hərbi xidmətə apardılar”.

Ruslan İzzətli vurğulayıb ki, onun səhhətində problem, konkret olaraq isə bel yırtığı var və ona ağır fiziki işlər qadağandır: “Amma səhhətimdə problem olduğuna baxmayaraq, mən hərbi xidmətdən yayınmamışam, 2020-ci ildə əsgərlikdə olanda əməliyyat olunmuşam və əməliyyatdan sonra könüllü döyüşlərə getmişəm. Yenə də komissiya desə ki, təlimlərə yararlısan təlimlərə gedəcəm”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az