Həmkarlar ittifaqı fəalı Afiəddin Məmmədovun işi üzrə proses başlayıb

tərəfindən Gozetci

Afiəddin Məmmədov

Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib.

Məmmədov sentyabrın 20-də öz evinin yaxınlığında, naməlum şəxs tərəfindən hücuma məruz qaldıqdan sonra saxlanılıb. Lakin Məmmədovun özünü həmin şəxsi bıçaqlamaqda ittiham ediblər. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Sonradan fəala qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri üzrə  ittiham irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.

İclasın əvvəlində Məmmədov bütün ittihamları təkzib edib və müstəqil jurnalistlərin iştirakını və prosesin videoçəkilişinin və audioqeydinin aparılmasını təmin etməyi tələb edib. Bundan sonra jurnalistlər zala buraxılıb.

Vəkil Zibeydə Sadıqova da Məmmədovun əlləri arxadan qandallanmış vəziyyətdə zala gətirilməməsi haqqında vəsatət qaldırıb. O, həmçinin Məmmədovun ev dustaqlığına keçirilməsi barədə vəsatət qaldırıb.

Lakin məhkəmə prosesin videoçəkilişinin və audioqeydinin aparılması və Məmmədovun ev dustaqlığına keçirilməsi haqqında vəastətləri təmin etməyib. Qandallarla bağlı vəsatət də təmin edilməyib.

Məhkəmə zalında Məmmədov Turan-ın müxbirinə bildirib ki, saxlanma şəraitindən şikayəti yoxdur. Lakin o, ittihamları təkzib edir və ona arxadan qandal taxılmasından narazıdır. Mahiyyəti üzrə dinləmələr fevralın 6-na təyin edilib.

Məmmədov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az