“Kanal 13” internet televiziyasının əməkdaşının apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci

Şamo Eminov

Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminovun həbsindən verilmiş şikayətə baxılıb. Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, qərar qüvvədə saxlanılıb.

“Özü də dedi ki, ancaq müsahibə jurnalistikası ilə məşğul olub. Ümumiyyətlə, qaçaqmalçılıqla əlaqəsi yoxdur. Gürcüstan vətəndaşı olduğunu bildirdi, son 4 ildə cəmi 2 dəfə Gürcüstana gedib və onda da gömrükdən rahatlıqla keçib. Dedi ki, üzərində heç bir pul vəsaiti olmayıb, buna baxmayaraq, məhkəmə Şamo Eminovu həbsdə saxladı. Onun əleyhinə heç bir sübut, dəlil yoxdur”.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ailəsinin məlumatına görə, Şamo Eminov dekabrın 22-də Səbail Rayon Polis İdarəsinə aparılıb. Şamo Eminov saxlanıldıqdan 4 gün sonra ailəsi ilə Bakı İstintaq Təcridxanasılndan əlaqə saxlaya bilib, vəkil istəyib.

“Şamo dindirilmə zamanı hədə-qorxuya məruz qalıb və vəkillə təmin edilməyib”, jurnalistin ailəsi qeyd edib.

“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13″ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi 

You may also like

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az