Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızını həbsdə saxlayıb

tərəfindən Gozetci

Sevinc Vaqifqızı

Yanvarın 18-də Bakı Apellyasiya məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, apellyasiya şikayəti təmin olunmayıb.

Vəkilin sözlərinə görə məhkəmə prosesində jurnalist Sevinc Vaqifqızı da iştirak edib. O şüşə qəfəsdə əyləşməmişdir.

“ Məhkəmədə də, hətta apellyasiya şikayətində də biz bildirmişdik ki, dörd uşağın ölümünə görə səbəb olan şəxslər ev dustaqlığında olduğu halda, heç bir zərərə səbəb olmayan ittihama görə şəxslərin həbsdə qalması qanunsuzdur. Sevinc Vaqifqızı da bildirdi ki, o araşdırmalarına görə həbs olunub və cəzalandırılır. Ancaq məhkəmə bizim apellyasiya şikayətimizi təmin etmədi”, vəkil bildirib.

Xatırlatma

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az