Vəkil: Bəxtiyar Hacıyev hüqüq müdafiəçisi olduğuna görə ondan qisas alındığını bildirdi

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib. Məhkəmə baxışı yanvarın 19-na təyin edilib.

Vəkil Elçin Sadıqov bildirib ki, hakim müdafiə tərəfin yalnız iş materalının surətinin təqdim edilməsi ilə bağlı bir texniki vəsatətini təmin edib.

“Digər vəsatətlərimiz əsassız olaraq qəbul olunmadı. Cinahyət işinin materiallarında baş prokurorun 28 sentyabr 2023-cü il qərarı var. Həmin qərarla cinayət işinin istintaqının müddəti 16 ayadək artırılıb. Halbuki Cinayət Prosessual Məcəlləsinin 218-ci maddəsinə görə ağır cinayətlər üzrə istintaqın maksimum müddəti 13 aydır. Yəni həmin qərar əsassız olaraq qəbul olunub. Biz də o vaxt məhkəmələrə müraciət etmişdik. Məhkəmələr qeyd etmişdi ki, onların buna baxmaq səlahiyyəti yoxdur. Bu məhkəmə ona baxmalı idi. Təəssüf ki, bu məhkəmə də baxmadı. Bildirdi ki, istintaq dövründə buna münasibət bildirilib”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev heç bir hüquqi əsas olmadan saxlanıldığını bildirib.

“Hacıyev dedi ki, o, siyasi girov qismində saxlanılır. Onun həbsinin əsası hüqüq müdafiəçiliyinə görə qisas almaqdır. Ümumiyyətlə Bəxtiyar Hacıyevin işində saxta, anonim sənədlər təqdim ediblər. İttihamlar da bu əsli, mənbəyi, kimə məxsus olduğu bilinməyən dırnaqarası sənədlər əsasında verilib. Biz bu dırnaqarası sənədlərin işdən çıxarılmasını və cinayət işinə həmin hissədə xitam verilməsini tələb etdik. Məhkəmə bildirdi ki, bu məsələlər məhkəmə baxışının predmetidir və yanvarın 19-na saat 14-də məhkəmə baxışını təyin etdi”, Sadıqov deyib.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

2022-ci il dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin 2023-ci ilin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

2023-ci ilin iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb. Beləliklə, hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 8 maddəsi üzrə günahlandırılır.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az