Azərbaycanda daha bir müxalifət partiyası prezident seçkilərində iştirak etməyəcəyini bildirib

tərəfindən Gozetci

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmadığını bildirərək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.

Bu qərar rartiyanın Ali Məclisinin sessiyasında qəbul edilib, dekabrın 23-də isə partiyanın V növbədənkənar qurultayında təsdiq edilib.

“Bütün səviyyələrdə seçki komissiyalarının hakim qüvvənin nəzarəti altında olduğu və ölkədə azadlıqların məhdudlaşdırıldığı bir şəraitdə seçkilərdə iştirak mənasını itirir”, partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.

Dekabrın 15-də müxalifətyönümlü Müsavat Partiyası ədalətli rəqabət üçün şəraitin olmadığını bildirərək seçkilərdə iştirakdan imtina edib. Dekabrın 16-da isə Azərbaycan Xalq Cəbhəsi Partiyası da prezident seçkilərini boykot etmək qərarına gəlib və bunu azad və ədalətli seçkilər üçün şəraitin olmaması ilə izah edib.

İnidyədək Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər seçicilərin imzasını toplamaq üçün müraciət edib.

Mərkəzi Seçki Komissiyası hazırki prezident İlham Əliyevin, namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülən Zahid Oruc (Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri) və Fuad Əliyevin (keçmiş Liberal Demokrat Partiyasının sədri olub), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq. Həmin şəxslər Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylidir.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az