“Kanal 11” internet televiziyasının rəhbərinin evində axtarış aparılıb

tərəfindən Gozetci

Teymur Kərimov

Dekabrın 14-də “Kanal 11” internet televiziyası kanalın direktoru Teymur Kərimovun evində axtarış aparılıb.

Axtarış Teymur Kərimovun vəkilinin iştirakı ilə baş tutub.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə açıqlamasında bildirib ki, axtarış zamanı istintaqa lazım olan heç bir dəlil əldə edilməyib.

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkil Nemət Kərimlinin sözlərinə görə, Teymur Kərimova 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

“Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib”, vəkil deyib.

Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

“Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib”, vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır”, o qeyd edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az