“Abzas Media” işi üzrə həbs edilənlərin ailələri ilə görüşünə və telefon danışığına qadağa qoyulub

tərəfindən Gozetci

Vəkil: “İstintaqın belə bir səlahiyyəti var. Ancaq bu iş üzrə belə qərar tamamilə qanunsuzdur”

“Abzas Media” işi üzrə həbs edilənlərə ailələrilə görüş və telefon danışığı qadağan olunub. “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva deyir ki, onunla əlaqə qura bilmədiklərinə görə nigarandılar:

“Ülvi Həsənlinin ailəsilə görüşməsinə, telefonla danışmasına icazə vemirlər. Ondan xəbər ala bilmədiyimiz üçün nigaranıq. Onun vəziyyətini ancaq vəkil vasitəsilə öyrənə bilirik. Görüşsək, danışsaq yaxşı olardı”, – Quliyeva bildirib.

Vəkil Elçin Sadıqov deyir ki, istintaq orqanı 3 ay müddətinə telefon və görüş qadağası haqda qərar qəbul edib. Onun fikrincə, bu qərar qanunsuzdur:

“İstintaqın belə bir səlahiyyəti var. Təqsirləndirilən şəxsin yeni cinayətlər törətməsinin və istintaq prosesinin digər iştirakçılarına təsir etməsinin qarşısını almaq üçün belə qərar verilə bilər. Ancaq bu iş üzrə belə hal ola bilməz, ona görə də qərar tamamilə qanunsuzdur. Hətta onun vəkili ilə telefon danışığına da qadağalar qoyurlar”, – deyə Sadıqov bildirib.

Görüş və telefon qadağasının “Abzas Media” işi üzrə həbs edilən Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Məhəmməd Kekalova da tətbiq edildiyi bildirilir.

Xatırlatma

Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Noyabrın 30-da jurnalist Nərgiz Absalamova dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb və ona qarşı da “Abzas Media” rəhbərliyi ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) üzrə ittihamı irəli sürülüb. 1 dekabr tarixində Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist Nərgiz Absalamova barəsində ilkin istintaq dövrü üçün 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər və həbslərinin jurnalistika fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az