Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü, iki gün əvvəl saxlanılan Elnur Həsənova qarşı narkotik ittihamı irəli sürülüb. AXCP fəalına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib. O, 3 ay müddətinə həbs olunub
* * *
AXCP üzvü Elnur Hasan noyabrın 28-də Bakının Babək prospektində yerləşən avtomobil bazarında olarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) məlumat yayıb.
AXCP fəalın saxlanılmasının onun sosial şəbəkələrdə tənqidi çıxışları ilə bağlı olduğunu bildirir.
Elnur Hasan Facebook səhifəsində dövlət yol polisinin faəliyyətini tənqid edən status paylaşıb. O bildirib ki, işıqforun qırmızı işığından keçməsi ilə bağlı yol polisi ona sübut təqdim edə bilmədiyi halda ona cərimə yazıb.
Fəal yol polisinin rəhbərliyini qanunsuzluqlara son qoyulması üçün tədbir görməyə çağırır və ölkə rəhbərlərinə şikayət edir.
DİN-dən şərh almaq mümkün olmayıb.
Turan