Avropa İttifaqı nümayəndəsi “Abzas Media”ya qarşı təzyiqlərdən narahatlığını ifadə edib

tərəfindən Gozetci

Eymon Gilmor

Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Eymon Gilmor “Abzas Media” xəbər saytına qarşı təzyiqlərdən narahatlığını ifadə edib, Azərbaycan hakimiyyətini jurnalistlərin sərbəst fəaliyyətinə şərait yaratmağa çağırıb.

“Azərbaycanlı jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Abzas Media ilə əməkdaşlıq edən Məhəmməd Kekalovun həbsindən olduqca narahatam. Biz Azərbaycanı müstəqil jurnalistika və ifadə azadlığı üçün azad və maneəsiz məkan təmin etməyə çağırırıq”, Aİ rəsmisi X səhifəsində yazıb.

Korrupsiya araşdırmaları ilə tanın “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytla əməkdaşlıq edən Məhəmməd Kekalov “qaçaqmalçılıq” ittihamı ilə tutulub, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs-qətimkan tədbiri seçib.

Həsənli və Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər. Kekalov da heç bir cinayət törətmədiyini deyib.

Sərhədsiz Reportyorlar təşkilatı şənbə günü yaydığı bəyanatında Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə çağırıb, beynəlxalq ictimaiyyəti Azərbaycanda mətbuat azadlığının vəziyyətinin pisləşməsi barədə xəbərdar edib.

“Azərbaycanda rüşvətxor elita yerinə onların yanlışlıqlarını ortaya çıxaran jurnalistlər həbsə atılır. Prezident İlham Əliyevin imzaladığı məhdudlaşdırıcı media qanunu hakimiyyətdəkilərin gözündə ölkədə mövcud olan nadir müstəqil medianı boğmaq üçün yetərli görünmür. Sərhədsiz Reportyorlar beynəlxalq ictimaiyyəti pisləşən vəziyyət barədə xəbərdar edir, Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun azad edilməsinə çağırır”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.

Ötən həftə ərzində digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri “Abzas Media”ya qarşı təzyiqlərə son qoyulmasına çağırıb. “Forbidden Stories” beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi “Abzas Media” jurnalistlərinin korrupsiya araşdırmalarını qaldığı yerdən davam etdirəcəyini açıqlayıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az