Hüquq müdafiəçisi: “Beynəlxalq hüquq müdafiəçiləri bu ittihamların siyasi yükünə inanır, tamamilə qurama olduğunu önə çəkirlər”

tərəfindən Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifqızı

“Azərbaycanda qaçaqmalçılıq “növbətçi ittiham” xarakteri daşımaqdadır”. Bu barədə Abzas Media-ya “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti fəallarına, siyasi aktivistlərə qarşı heç bir qanuni əsas və səbəb olmadan bu ittiham irəli sürülür:

“Sonrakı mərhələdə saxta motivlər üzrə “hüquqi torbalar” genişləndirilir. Jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızınadək ADR Partiyasının sədri Qubad İbadoğluna, Bəxtiyar Hacıyevə qarşı da eyni ittihamlar irəli sürülüb. Başqa təcrübələr də var”.

Rüfət Səfərov hesab edir ki, prosesə qiymət verən yerli və beynəlxalq hüquq müdafiəçiləri bu kimi ittihamların siyasi yükünə inanır, tamamilə qurama olduğunu önə çəkirlər.

“Heç şübhəsiz, ifadə azadlığı kontekstində saxlanılan Ülvi bəy, Sevinc xanım bəri başdan vicdan məhbuslarıdır və dərhal azad olunmalıdırlar”, – deyə o bildirib.

Eyni ittihamla həbs olunan və 3 ildən çox həbsdə qalan keçmiş siyasi məhbus Əfqan Muxtarlı da eyni fikirdədir.

“Abzas Medianın direktoru Ülvi Həsənliyə və baş redaktor Sevinc Vaqifqızına qarşı sürülən qaçaqmalçılıq ittihamı mənə və rəhmətlik Gözəl Bayramlıya qarşı da irəli sürülüb. Konkret məni sərhədi qanusuz kecərkən ölkəyə guya 10 min avro pul gətirməkdə ittiham etmişdilər. İndiki halda daha absurd vəziyyət yaranıb. Jurnalist həmkarlarımız sərhədi keçmə faktı olmadan ölkəyə qanunsuz valyuta gətirməkdə ittiham olunub. Üstəlik Azərbaycan hakimiyyəti Ülviyə və Sevinc xanıma qarşı Cinayyət Məcələsinin daha ağır bəndlərindən istifadə edir. Azərbaycan hakimiyyətinin qaçaqmalcılıq maddəsindən tənqidci jurnalistlərə və siyasi rəqiblərinə qarşı silah kimi istifadə etməsi göz önündədir”, – deyə o qeyd edib.

Digər hüquq müdafiəçisi Zəfər Əhmədovun fikrincə, bu maddənin siyasi fəallara və jurnalistlərə qarşı tətbiq olunmasının səbəbi hakimiyyətin qisasçı olmasından başqa, həm də ictimaiyyətdə “müxalifət qrantyeyəndir” fikrinin formalaşdırılması istəyidir.

“Əlavə edim ki, oxşar ittihamlar formaca bir az fərqli də olsa Saleh Rüstəmli və bir qrup siyasi fəal haqda da tətbiq olunmuşdu”, – deyə o bildirib.

Xatırladaq ki, ötən gün Abzas Media onlayn nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbs ediliblər. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Onların hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Noyabrın 20-də evindən mülki şəxslər tərəfindən zorakılıqla aparılan ictimai fəal Məhəmməd Kekalovdan isə ikinci sutkadır ki, heç bir xəbər yoxdur. Yaxınları istintaqa gərəkli ifadələrin alınması üçün ictimai fəala işgəncə verildiyi ehtimalından narahatdırlar.

AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az