İctimai fəal Zəka Mirağayev həbs edilib

tərəfindən Gozetci

Zəka Mirağayev

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Zəka Mirağayev oktyabrın 11-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Səbail rayon Məhkəməsi barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

“Mirağayev özünü təqsirli bilmir. Məhkəmədə bildirdi ki, onu evindən polis aparıb. Narkotik vasitəni də cibinə polis qoyub”, vəkil qeyd edib.

Vəkil həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəmə qərarından verdiyi şikayəti oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsinin təmin etməyib. Sadıqov Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərcəyini deyib.

Zəka Mirağayevin yaxınları Amerikanın Səsinə deyib ki, onun həbsi yazdığı açıq məktubla bağlıdır. Həmin məkubda o, Daxili İşlər Nazirliyinin rəhbərliyini tənqid edib.

“Məktubu sosial şəbəkələrdə yayılan günün səhərisi onu evdən aparıblar”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildiriblər ki, iddialar əsassızdır və şəxsi mülahizələrdir.

“Zəka Mirağayev barəsində araşdırma aparılır, araşdırma çərçivəsində o, saxlanılıb. Onun yaxınlarının iddiaları araşdırma predmeti olduğu üçün tövsiyə edilir ki, istintaqa müraciət etsinlər”.

İctimai fəal Zəka Mirağayev həbsindən öncə hüquq müdafiəçisi Rüfət Səfərova müraciət edib ki, hökuməti, polisi sərt tənqid etmək qərarına gəlib.

“O yazmışdı ki, bilir tənqidi münasibətindən sonra onu şərləyib həbs edəcəklər. Həbs edilərsə onu müdafiəsiz qoymayaq. Mirağayev daxili işlər naizirliyinin rəhbərliyi barədə tənqidi post yayan kimi şərləyib həbs ediblər”, Səfərov facebook səhifəsində yaydığı videoda deyir.

Hüquq müdafiəçisi hesab edir ki, son dövrlər demək olar hər gün hökumətin tənqidçiləri, müxalifətçilər, icitimai fəallar həbs edilir.

“Bu hökumət, bu idaretmə sistemi hesab edir ki, onlar sanki müqəddəsləşib, onları tənqid etmək olmaz. Ölkənin ərazi bütövlüyü təmin ediləndən sonra bunlar sanki tam müqəddəsə çevrilib. Yəni bu müqəddəsləri tənqid etmək ya cinayət hadisəsi sayılır, ən yaxşı halda isə inzibati xəta hesab olunur”, o qeyd edib.

Hüquq müdafiəçisi hökuməti bu addımından əl çəkməyə çağırıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az