“Müsəlman Birliyi” Hərəkatının iki fəalı 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

tərəfindən Gozetci

Samir Babayev və Bəxtiyar Babaşov

Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan “Müsəlman Birliyi” Hərəkatının (MBH) üzvü Samir Babayevə hökm oxunub.

O, 2022-ci il dekabrın 2-də saxlanılıb, 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb və o, 4 ay müddətinə həbs edilib.

İstintaqın iddiasına görə, Babayevin üzərindən içərisində ümumilikdə 9,695 qram metamfetamin olan üç ədəd paket tapılıb.

Vəkil Fariz Namazlı Turan-a bildirib ki, fəalın təqsirinin etibarlı dəlilləri təqdim edilməyib. İttiham polislərin özlərinin və iki hal şahidinin ifadələrinə əsaslanıb. Polis bölməsində göstərilən təzyiqə baxmayaraq, Babayev etirafedici ifadə verməyib.

Bundan başqa, Babayevin üzərində “axtarış” Strasburq məhkəməsinin presedent qərarlarında nəzərdə tutulduğu kimi onun saxlanıldığı yerdə deyil, bir neçə saat sonra polis bölməsində aparılıb. Vəkilin sözlərinə görə, hökmdən şikayət veriləcək.

Bir gün əvvəl, oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində MBH-nin daha bir fəalı – Bəxtiyar Babaşova da hökm oxunub. O da eyni ittihamla 4 il müddətinə həbs edilib. Bu barədə Turan-a onun həyat yoldaşı, jurnalist və hüquq müdafiəçisi Arzu Abdulla bildirib.

Onun sözlərinə görə, Babaşov martın 9-da saxlanılıb, həmin vaxt onu faktiki olaraq oğurlayıblar və bir neçə gün ailəsi onun aqibətindən xəbərsiz olub. Saxlanılan şəxsin ailə üzvləri ilə əlaqə saxlamasına, seçdiyi vəkili dəvət etməsinə icazə verilməyib.

Məhkəmə istintaqı zamanı Babaşovun təqsirinin dəlilləri təqdim edilməyib və o, yalnız polislərin ifadələri əsasında mühakimə olunub.

Yerli hüquq müdafiəçilərinin məlumatına görə, son bir ildə Azərbaycanda yüzlərlə dindar və dini fəal saxlanılıb. Onların bir hissəsi sonradan azad edilib, amma əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs olunub. Analitiklər şiə dindarların kütləvi həbslərini Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az