ADR Partiyası sədrinin və funksionerlərinin dərhal azad edilməsini tələb edir

tərəfindən Gozetci

“Son qısa zaman kəsiyində ADR Partiyasının rəhbərliyinə münasibətdə repressiyalar görünməmiş həddə qədər şiddətlənib”.

Bu barədə “Ölkədə repressiyaların şiddətlənməsi ilə bağlı” Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının İdarə Heyətinin bəyanatında deyilir.

“ADR Partiyasının sədri professor Qubad İbadoğluya qarşı qondarma ağır cinayət maddələri ilə şərlənərək və prosessual pozuntular şəraitində haqqında 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib. ADR sədrinin müşaviri və İdarə Heyətinin üzvü Hüseyn Məlik, ADR Xəzər rayon təşkilatının sədri Allahverdi Babayev və Qazax rayon təşkilatının üzvü Vüsal Zeynalov mövqe, fikir və sosial şəbəkələrdəki yazılarına görə qondarma ittihamlarla şərlənərək uzunmüddətli inzibati həhslərə məhkum ediliblər. Hüseyn Məlik son 3 ayda dalbadal ikinci dəfədir ki, şərlənərək və həm də ikinci dəfə yataq şəraitində müalicə aldığı vaxt təkrarən 30 sutka inzibati həbsə məhkum edilib.

Həmçinin digər gerçək müxalif partiyaların üzvlərinin və inanclı insanların da repressiyaya məruz qoyulması halları kütləvi xarakter alıb”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, ADR Partiyası qəbul etdiyi demokratik prinsiplərə sadiqdir və “hakimiyyətin antikonstitusion fəaliyyətinə loyal münasibətdə olmaq mövqeyində deyil”.

“Hakimiyyətin kütləvi repressiya siyasətini hakimiyyətini itirəcəyi qorxusundan qaynaqlanan cəmiyyətə yönəlik psixoloji dövlət terroru və milli təhlükəsizlik əleyhinə yönəlmiş düşmənçilik siyasəti kimi dəyərləndiririk. Həmçinin bildiririk ki, bu siyasət məqsədyönlü şəkildə xalqa, azadlıqlara və demokratik inkişafa qarşı yönəldilməklə bərabər, siyasi rəqiblərin sıradan çıxarılmasına hesablanmış antikonstitusion fəaliyyətdir”, sənəddə qeyd edilir.

ADR Partiyası hesab edir ki, onun sədrinə, funksionerlərinə və digər azad fikirli insanlara qarşı aparılan “kütləvi repressiya siyasəti cəmiyyətin müqavimətini qırmaq, kütləvi xof yaratmaq məqsədi daşıyır, psixoloji terror əməlidir və milli təhlükəsizliyə, demokratik dövlətçilik prinsiplərinə ölümcül zərbə vuran, Konstitusiyanın tələbləri əleyhinə yönəlmiş bu siyasət dərhal dayandırılmalıdır”.

Sənəddə partiyanın sədri Qubad İbadoğlu və həbsdə olan digər funksionerlərin dərhal azad edilməsi tələb edilir.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə fundamental azadlıqalrın tam bərpa edildiyini, insanların iradələrinə görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı işgəncələrlə bağlı deyiilənləri də qəbul etmir və bu bəyanatların özünümüdafiə məqsədi daşıdığını bildirir.

Bununla yanaşı, 2021-ci ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az