Samir Aşurovun məhkəməsində şahidin ziddiyyətli ifadə verdiyi bildirilir

tərəfindən Gozetci

Samir Aşurov

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində  Almaniyadan deportasiya edilərək həbs edilən Samir Aşurovun növbəti məhkəmə iclası keçirilib.

Vəkil Elçin Sadıqovun məlumatına görə bu gün məhkəmədə şahid dindirilib və əvvəlki şahidlərlə ziddiyyət təşkil edən ifadələr verib:

“Əvvəlki şahid demişdi ki, biz gələndə zərərçəkmiş yerdə uzanmışdı, amma bu şahid dedi ki, yerdə uzanmamışdı və qarnının sağ tərəfini tutub durmuşdu”.

Elçin Sadıqov deyir ki, Samir Aşurov məhkəmədə günahsız olduğunu və bıçağın ona cibinə qoyulduğunu bildirib.

Növbəti məhkəmə prosesi oktyabr 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Xatırlatma

Samir Aşurov ötən il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az