‘Nərmin işi’ndə yeni məhkəmə qalmaqalı: ‘Atası bir tərəfdən deyir, savadsızam, o biri tərəfdən də…’

tərəfindən Gozetci

İlkin Süleymanov məhkəmədə (Arxiv fotosu)

Tovuz rayonunun Dondar Quşçu kəndində 4 il öncə 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılması məsələsi yeni məhkəmə çəkişməsinin predmetidir. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov 18 il həbs cəzası alsa da, Nərminin atası ona ömürlük cəza verilməsini tələb edir.

Qarşı tərəfsə deyir ki, Şərif Quliyev bu tələblə şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddəti heç bir üzrlü səbəb olmadan ötürüb. Bu üzdən, onun İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasından ötrü verdiyi apellyasiya şikayətini heç məhkəmə icraata götürüb baxa bilməzdi.

Şikayət gec verildiyindən, onu qəbul edib-etməmək məsələsilə əlaqədar hökm çıxarılan Gəncə Ağır Cinayətlər Məhkəməsində ayrıca məhkəmə iclası keçirilib. Məhkəməyə Nərminin atası da, təqsirləndirilən Süleymanovun vəkili də qatılıblar.

“Ən əsası, bir tərəfdən deyir ki, savadsızam, bilməmişəm. O biri tərəfdən də…”

Şərif Quliyev deyib ki, hüquqi savadı yoxdur, hökmü alandan sonra 20 gün ərzində apellyasiya şikayəti vermək lazım olduğunu bilməyib. Bu səbəbdən gecikmə olub. Amma digər tərəfdən də vaxtında elektron qaydada apellyasiya şikayəti göndərdiyini etiraf edib.

Süleymanovun vəkili Zabil Qəhrəmanov isə bildirib ki, məhkəmədə hökm oxunanda hakim 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyini tərəflərə elan edib və bunu Quliyev də eşidib. Sonradan hökm yazılı şəkildə Quliyevlərə göndərilib və orada da mətnin sonunda bu qeyd var.

“Ən əsası, bir tərəfdən deyir ki, savadsızam, bilməmişəm. O biri tərəfdən də deyir ki, vaxtında onlayn şəkildə apellyasiya şikayəti göndərmişəm…”, – vəkilin sözləridir. Onun fikrincə, Şərif Quliyev yalan danışır. Müdafiəçi vurğulayıb ki, məhkəmə belə qanun pozuntusuyla verilmiş şikayəti qəbul edə bilməz.

Ancaq “Nərmin işi” üzrə hökm çıxarmış hakim Dadaş İmanov Şərif Quliyevin şikayətinin qəbul edilməsinə qərar verib.

Vəkil Zabil Qəhrəmanov bu qərarın özündən də apellyasiya şikayəti verib. Müdafiəçinin sözlərinə görə, Quliyevin dediklərində çoxsaylı ziddiyyətlər var və məhkəmə bunların heç birini nəzərə almadan, araşdırma aparmadan şikayəti qəbul edib.

“Bizə xəbərdarlıq olunmuşdu ki…”

Təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov düşünür ki, baş verənlərin arxasında konkret plan dayanır:

“Bizə xəbərdarlıq olunmuşdu ki, geri çəkilməsəniz, şikayətləri davam etdirsəniz, daha da pis olacaq. Bir müddət əvvəl Şərif Quliyev kənddə yayıb ki, İlkinə ömürlük verdirəcəyik. Gəncə Apellyasiya Məhkəməsində ilk iclas keçirilən gün dedi ki, “şikayət verirəm”. Ondan xeyli əvvəl internet kanallarının birində demişdi bunu. O zaman niyə verməmişdi, müddəti ötürmüşdü? Deməli, arxasında dayananlar nə vaxt göstəriş verib, onda da şikayət eləyib…”.

Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən təqsirləndirilən şəxsin vəkilləri apellyasiya şikayəti verib. Lakin ilkin iclasda zərərçəkmiş tərəf də şikayətçi olduğunu bildirib. Onun şikayəti isə gec verildiyindən, qəbul edilib-edilməməsi məsələsi həllini tapanadək bu işə baxılması təxirə salınıb.

Xatırlatma

2009-cu il doğumlu Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində, əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Ancaq o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini söyləyir.

Baş Prokurorluq İ. Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az