“Heç bir məmur öz övladının elə məktəbdə oxumasına razı olmaz”
Cəlilabadın ən böyük kəndlərindən biri olan Göytəpədə 2 məktəb var. Ancaq bu məktəb binalarının köhnə, qəzalı vəziyyətdə olması yerli sakinləri ən çox narahat edən məsələlərdəndir. İllərdir hər dərs ili başa çatanda yeni ilə ümidlə hazırlaşırlar. Təəssüflənirlər ki, bu tədris ilində də ümidləri cücərməyib.
“Göytəpə kənd məktəbinin binası qəzalı vəziyyətdədir, hətta sinif otaqlarında çatlar o qədər dərindir ki, bir sinifdən digər sinfi görmək mümkündür. Pəncərələr qırılıb, binanın damı hər an uça bilər”, – valideynlər deyir.
Kənd sakini Rizvan Məmmədovun sözlərinə görə, məktəblərin qəzalı vəziyyətdə olması ilə bağlı illərdir hər tədris mövsümündə məsələ qaldırırlar. Lakin onlara səbirli olmaq tövsiyə edilir:
“Məktəbin vəziyyətini sözlə ifadə etmək çətindir. Heç bir məmur öz övladının elə məktəbdə oxumasına razı olmaz. Qışda odun sobası yandırılır, amma bina köhnə olduğundan isinmir”.
Şikayətçilərin sözlərinə görə, hələ soyuqlar düşməyib, indidən təlaş içərisindədirlər. Hava bir az soyuyan kimi uşaqları məktəbə göndərmək istəmirlər. Çünki bir gün dərsə gedib, əvəzində bir həftə xəstə yatırlar.
Sakinlər deyirlər ki, məktəblərin təmiri işə yaramayacaq. Çünki bina olduqca köhnədir. Yeni məktəb binasının tikintisinə ehtiyac yaranıb:
“Uşaqlar həvəslə dərsə hazırlaşırlar, valideyn isə məktəbdə onların başına bəla gələcəyindən narahatdır. Halbuki Azərbaycan xarici ölkələrdə məktəb tikir”.
Göytəpə bələdiyyəsinin sədri İlqar Həsənov Meydan TV-yə bildirib ki, kəndin 15 min 500-dən çox sakini var.
“1 nömrəli məktəb uzun illər əvvəl tikilib. İkinci Dünya müharibəsində hospital kimi istifadə edilib. Təxminən 1980-ci illərdə məktəb üçün yeni korpus tikilib. Həmin məktəbə 1800 şagird gedir. Məktəbin binası digər məktəbə nisbətən təmirlidir”,- bələdiyyə sədri deyib.
İlqar Həsənov bildirib ki, məktəblərin vəziyyətindən aidiyyatı qurumlar xəbərdardılar:
“Kənddə qaz var, amma istilik sistemi çəkilmədiyindən məktəblərdə odun peçi yandırılır. Məktəbi odunla Təhsil İdarəsi təmin edir”.
Təhsil Nazirliyi məktəblərin nə zaman təmir olunacağı ilə bağlı sorğunu cavablandırmayıb.
Meydan TV