Nemət Abbasov və Əmrah Təhməzov
Sentyabrın 20-də ictimai fəal Nemət Abbasov Nərimanov rayon Məhkəməsinin qərarı ilə inzibati həbs cəzası alıb. Bu barədə Amerikanın Səsinə fəalın yaxınları məlumat verib.
Fəalın İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə həbs olunduğu deyilir. Nemət Abbasovun yaxınları deyir ki, o, əslində müharibə əleyhinə paylaşımlarına görə həbs olunub:
“Baxmayaraq ki, Nemətin özü də 2020-ci ildə müharibə iştirakçısı olub, hazırda o, müharibə əleyhinə çıxır, paylaşımlar edir və buna görə də cəzalandırılır”.
Daha bir ictimai fəal Əmrah Təhməzova da 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə ictimai fəal Qiyas İbrahimov məlumat verib.
Təhməzov sentyabrın 19-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı barədə paylaşım edib. O bildirib ki, çağırılma səbəbi sosial şəbəkələrdə müharibə əleyhinə yazdıqlarıdır.
Bu gün isə Əmrah Təhməzov evinə Baş Prokurorluğun əməkdaşlarının gəldiyi haqqında məlumat yayıb.
Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham olunur.
İctimai fəal Əmrah Təhməzov bu ilin may ayında da 30 sutka inzibati həbs cəzası alıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ittiham olunub.
Təhməzov o zamankı həbsinin səbəbinin hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev üçün İlham Əliyevə vurğu ilə yazdığı tənqidi statusun olduğunu deyib.
Amerikanın Səsi