Fəallar Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldıqlarını deyirlər

tərəfindən Gozetci

Sentyabrın 19-da ictimai fəallar Cavid Əhmədov və Əmrah Təhməzovun Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı bildirilir. Bu barədə fəallar özləri məlumat yayıblar.

Hər iki fəal müharibə əleyhinə paylaşımlarına görə DTX-yə dəvət olunduqlarını deyirlər.

Cavid Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldıqdan sonra, eyni gün ora gedib və bir neçə saatdan sonra sərbəst buraxılıb. Əhmədov bildirib ki, DTX-ya rəsmi bildiriş olmadan çağırılıb:

“Rəsmi bildirişi soruşanda dedilər ki, “lazım olsa göndərərik”. Söhbət həddindən artıq uzun oldu, əsasən indiki vəziyyətdə müharibə əleyhinə yazmağımla bağlı danışırdılar, arqumentlər qururdular. 4 saatdan sonra sərbəst buraxıldım”.

Əhmədovun sözlərinə görə DTX-da müharibə əleyhinə yazanları təxribat törətməkdə ittiham ediblər.

“Məlum oldu ki, bura çağırılan təkcə mən deyiləm. Bir neçə AXCP üzvünü gördüm, vətəndaş cəmiyyətindən olmayan adamlar da var idi. Bizim hazırda baş verənlərə alternativ fikir bildirməyimiz onlar üçün qəbuledilməzdir. Sanki hər kəs susmalıdır, heç kim danışmamalıdır. Hamı dəmir yumruğun altında birləşməlidir. Alternativ fikir deyən insanlar isə necəsə cəzalandırılmalıdır”, deyə o, bildirib.

Fəal deyir ki, ona psixoloji təzyiq göstərməyə çalışıblar:

“Fiziki zorakılıq olmadı, amma Cinayət Məcəlləsinin maddələrini açıb oxutdururdular. Bu formada təzyiq edilirdi. Mənə deyirdilər ki, sən çox rahatsan, bir növ bu şey onlarda qıcıq yaradırdı. Dedim ki, heç bir cinayət törətməmişəm və mən başıaşağı deyiləm ki, bura gəlim qorxum”.

Dövlət Təhlükəsizlik Xidmətinə çağırılan digər fəal Əmrah Təhməzov 2020-ci ildə də müharibə vaxtı DTX-yə çağırıldlğını bildirir: “Dövlət Təhlükəsizlik Xidmətindən zəng ediblər, məni yenə çağırırlar”.

Təhməzov 2023-cü ilin mayında İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 30 sutka inzibati həbs cəzası alıb. Fəal ittihamın saxta olduğunu, sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldığını bildirib.

Məsələ ilə bağlı DTX-dən münasibət öyrənmək mümkün olmayıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az