Nazim Bəydəmirlinin aclıq aksiyasına başladığı bildirilir

tərəfindən Gozetci

Nazim Bəydəmirli

“Nazim Bəydəmirli əsassız və qondarma həbsinə görə aclıq aksiyasına başlayıb”.

Bu barədə vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

“Nazim Bəydəmirli ilə sonuncu dəfə keçən həftə görüşmüşəm, məlumatı şəxsən özündən dəqiqləşdirmək imkanım olmayıb. Amma sonuncu dəfə müstəntiqin yanında demişdi ki, sentyabrın 4-də aclıq elan edəcək. Yenə qeyd edirəm özü ilə sentyabrın 7-də görüşəndə dəqiqləşdirmə apacam. Amma mənə belə bir məlumat daxil oldu. Qanunsuz və qondarma ittihamlar, aciz məhkəmələr insan talelərini belə məhv etməklə məşğuldur”, vəkil qeyd edib.

Nazim Bəydəmirlinin ailəsindən Amerikanın Səsinə deyiblər ki, vəkilin dedikləri həqiqətdir.

“Nazim Bəydəmirlinin sabah, sentybarın 7-də ailə üzvləri ilə telefon danışığı olmalıdır. Biz onun aclıq etməsindən çox narahatıq”, Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli Amerikanın Səsinə bildirib.

Penitensiar Xidmət isə Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Nazim Bəydəmirli aclıq etməsi barədə Penitensiar Xidmətə müraciət etməyib.

Xatırlatma

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az