Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarını Qubad İbadoğlunun yanına buraxmırlar

tərəfindən Gozetci
Qubad İbadoğlu

Qubad İbadoğlu

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarını Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri  və iqtisadçı alim Qubad İbadoğlunun yanına buraxmırlar. Bu barədə Turan-a siyasətçinin qardaşı Qalib Bayramov bildirib.

“Biz Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etdik ki, Qubada baş çəksinlər, onlar üç dəfə istintaq təcridxanasına gəliblər, lakin müxtəlif bəhanələrlə buraxmayıblar, gah deyiblər, burda yoxdur, məhkəmədədir, gah da istintaq hərəkəti keçirildiyini bildiriblər”, – Bayramov deyib.

Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi Penitensiar Xidmətə Qubad İbadoğlu ilə görüşə icazə verilməsi üçün rəsmi məktubla müraciət edib.

Nümayəndəliyin əməkdaşları Qalib Bayramovla görüşüblər. Onlar bildiriblər ki, sağlamlıq vəziyyətini qiymətləndirmək üçün qardaşı ilə görüşməlidirlər. Həmçinin ultrasəs müayinəsi və ekokardioqrammanın nəticələrini almalıdırlar.

Ancaq Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi müayinələrin və analizlərin nəticələrini təqdim etməkdən imtina edir.

“Qardaşım istintaq təcridxanasında öz sağlamlığını sürətlə itirir, Ədliyyə Nazirliyi isə səhhətinə dair sənədlərin verilməsi məsələsini həll etmir”, – Bayramov deyib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az