Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb

tərəfindən Gozetci

Nazim Bəydəmirli

Həbsdə olan Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.

O, qeyd edib ki, ittihama görə, 1996-cı ildə Nazim Bəydəmirli Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb edib:

“Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu ilə təkrar tələb etmə maddəsilə, yəni AR CM-nin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürüldü”.

Vəkil qeyd edib ki, Nazim Bəydəmirli özü bu ittihamların hamısını qondarma hesab edir:

“Nazim bəy deyib ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür”.

Vəkilin dediyi ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Xatırladaq ki, Bakının Nərimanov rayon Məhkəməsi avqustun 15-də hakim Vüsal Qurbanovun sədrliyi ilə Nazim Bəydəmirlinin ailə üzvləri ilə telefon danışığı və görüşünə icazə verilməsi ilə bağlı vəsatəti təmin edib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az