Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Onun sözlərinə görə, Yahyayeva qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.
Vəkil qeyd edib ki, inanclı fəal avqustun 31-dən Abşeron Rayon Polis İdarəsində saxlanılıb.
“Dünəndən Ağaəli Yahyayevi axtarmışam, ən azı 5 dəfə Abşeron Rayon Polis İdarəsinə zəng vurmuşam. Hər dəfə də mənə cavab veriblər ki, orada belə şəxs saxlanılmır. Bu gün isə məlum olub ki, Abşeron Rayon Polis İdarəsində ona qarşı ittiham irəli sürülüb”, o qeyd edib.
Sadıqova bildirib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Yahyayevin barəsində həbs qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
* * *
Müsəlman Birliyi Hərəkatının üzvü Ağaəli Yəhyayevdən xəbər yoxdur
“Bəlkə də haradasa indi ona işgəncə olunur, əgər sağdırsa…”
Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağaəli Yəhyayevin yaxınları bir sutkaya yaxındır ki, ondan heç bir xəbər ala bilmədiklərini deyirlər. Son bir neçə ayda yüzlərlə dini inanclının, o cümlədən Müsəlman Birliyi Hərəkatının onlarla üzvünün həbs olunduğunu nəzərə alaraq, ailə üzvləri onun da polislər tərəfindən saxlandığlnı ehtimal edir.
“Əgər haradasa öldürülməyibsə, başına faciə gətirilməyibsə, böyük ehtimal ki, həbs olunub. Hökümətlə hökümətlik etmirik. Sadəcə, ailəsi olaraq, saxlandığı yeri bilmək haqqımızdır”, – bacısı Elnarə Eldar bildirib.
Onun sözlərinə görə, Ağaəli Yəhyayev indiyədək iki dəfə uzunmüddətli, iki dəfə də inzibati həbsdə olub. O, ümumilikdə 10 il 2 ay həbs həyatı yaşayıb. Onun uzunmüddətli həbslərindən biri 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı olub:
“Qardaşım keçmiş siyasi məhbus və icimai fəaldır. Ağaəli heç kimdən artıq deyil. Həbs olunacağını da çoxdan gözləyirdik. Hətta özü zarafata deyirdi ki, “məni bu dəfə həbs etməyəcəklər, birdəfəlik öldürəcəklər”. Amma yerini desinlər…”.
Ailə üzvlərinin bildirdiyinə görə, Ağaəli Yəhyayevin vəkili onun yeri haqda məlumat almaq üçün Daxili İşlər Nazirliyinin “102” xidməti, Ombudsman Aparatı da daxil olmaqla, müxtəlif dövlət orqanlarıyla əlaqə saxlayıb. Amma hələlik heç bir nəticə yoxdur.
“Bəlkə də haradasa indi ona işgəncə olunur, əgər sağdırsa…” , – bacısının sözləridir.
Avqustun 25-də Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü, 2015-ci ilin noyabrında Nardaranda polis əməliyyatı zamanı onurğasından güllələnərək hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadovun evində axtarış aparılıb. Əbülfəz Bünyadovun evindən müxtəlif kitablar, planşet və telefon götürülüb.
Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir, həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.
Meydan TV