Yeni və Köhnə Günəşli, Zığ sakinləri üfunət iyindən şikayətçidirlər

tərəfindən Gozetci

Fotolar: Meydan TV

İcra hakimiyyətləri yandırılan zibillik ərazinin onlara məxsus olmadığını deyir

Yeni Günəşli qəsəbəsinin sakinləri məişət tullantılarının və plastik qabların yandırılması nəticəsində ətrafa yayılan qoxudan və ağır hava kütləsindən şikayətçidirlər.

“Günlərdir bu vəziyyətdəyik. Bu isti havada qapı-pəncərəni bağlasaq da, üfunət, yandırılmış zibilin iyi xüsusilə gecələr evin içinə dolur”, – sakinlər deyir.

Şikayətçilərin sözlərinə görə, artıq 1 aya yaxındır Köhnə və Yeni Günəşli, o cümlədən, Zığ qəsəbəsinin sakinləri üfunətdən zəhərlənirlər. Bununla bağlı Xətai və Suraxanı icra hakimiyyətlərinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

Günəşli ərazisində açıq sahəyə tullantılar atılır və xüsusilə gecələr yandırılır. Dəfələrlə ərazidə yanğın baş verib, söndürülsə də, tüstü bir neçə gün davam edib”,- sakinlərdən Həsən Hüseynov bildirib.

Şikayətçilər deyirlər ki, ərazi Xətai və Suraxanı rayonları arasında yerləşir.

Yol Abbas Fətullayev küçəsindən keçir. Əraziyə məişət və tikinti tullantıları yığılır. Bir neçə dəfə şikayətlərdən sonra təmizlik işləri aparılsa da, yenidən zibilliyin yandırılması baş verir”,– sakinlər deyiblər.

Həsən Hüseynov qeyd edib ki, hətta Günəşli sakinləri toplaşaraq məsələyə etirazlarını bildiriblər. Toplanmış zibil yandırılanda tüstülənmə günlərlə davam edir. Külək üfunəti Zığ qəsəbəsindən keçməklə Zığ kəndinə qədər yayır.

“Təsəvvür edin ki, torpağın altında basdırılmış köhnə avtomobil təkərləri, plastik tullantılar yandırılarkən ətrafa necə zəhər yayılır və on minlərlə sakin günlərdir həmin havanı udurlar. Bu məsələyə bir aydan çoxdur əncam çəkən yoxdur. Yolboyu avtotəmir sexləri yerləşir. Həmin sexlər də güman ki, zibillərini bu əraziyə atır”,- şikayətçilərdən biri deyib.

Başqa bir sakin isə deyib ki, qapı-pəncərəni bağlayıb kondisionerləri işə salmaq da mümkün olmur, çünki bu dəfə də üfunət kondisioner vasitəsilə içəri daxil olur:

Fövqəladə Hallar Nazirliyinə tüstülənmə və yanğınla bağlı məlumat verməkdən bezmişik. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Gəlib yanğını söndürməklə iş bitmir, ərazidə kompleks tədbirlər görülməli, tullantılardan təmizlənməli, cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır”.

Zığ Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, həmin üfunətdən xəbərdardılar, lakin ərazi onların sahəsinə aid deyil.

Xətai Rayon İcra Hakimiyyətindən də sözügedən ərazinin onlara aid olmadığını bildirilblər.
Eyni zamanda, Suraxanı Rayon İcra Hakimiyyətindən də bildiriblər ki, yanğın olan ərazi Suraxanı rayonunun inzibati ərazisinə aid deyil:

“Bununla belə, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Meydan TV-yə deyiblər ki, sakinlərin şikayəti ilə əraziyə baxış keçirilib və ərazi tullantılardan təmizlənib.
Sakinlər isə üfunətin hələ də davam etdiyini bildirirlər.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az