Həmin partiyalar qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib
Ədliyyə Nazirliyi özünü buraxan 13 partiyanın ləğvi barədə müraciəti təsdiqlədiyini açıqlayıb.
Nazirlik həmin təşkilatların qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi haqda qərar qəbul edib.
Avqustun 16-da nazirliyin rəsmi saytında yerləşdirilən qərarda Qorqud, Vahid Azərbaycan Milli Birlik, Milli Demokrat, Müstəqil Xalq, Yeni Yol, Milli Vəhdət, Milli Dövlətçilik, Sosial Demokrat, Liberal Demokrat, Sosial Rifah, Təkamül, Birlik, Azərbaycan Naminə Alyans partiyalarının adları yer alıb.
Qərarda deyilir ki, ləğv olunması ilə bağlı qərar qəbul edən və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edən partiyaların ləğvi barədə qeyd qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.
Adıçəkilən partiyalardan Sosial Demokrat və Milli Dövlətçilik partiyalarının sədrləri – Araz Əlizadə və Sabir Tarverdiyev vəfat etdiyinə görə bu təşkilatlar fəaliyyət göstərmirdilər.
Qorqud və Sosial Rifah partiyalarına gəlincə, onlarla bağlı sonuncu məlumat sədrlərinin 2021-ci ilin dekabrında Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etmələri olub.
Yaxud Müstəqil Xalq Partiyasının fəaliyyətində diqqətçəkən məqam sədr Əflan Həsənovun nizamnamə və məramnamə sənədlərini MSK-ya təqdim etməsi idi.
Partiyaların buraxılması prosesi ilə bağlı isə müxtəlif fikirlər var. Bu prosesin hakimiyyətin siyasi qərarı olduğu bildirilir.
Bu səbəbdən Azərbaycanda bir sıra partiya sədrləri buraxılmaları barədə bəyanatları mediadan oxuyublar. Məsələn, Liberal və Cümhuriyyət Xalq partiyalarının adlarını xatırlamaq olar.
İyunun 24-də Liberal Partiyanın VIII qurultayı keçirilib və elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda xəbər yayılıb.
Əvəz Temirxanın sözlərinə görə, onlayn formada keçirilən qurultay yenidən onu sədr seçib:
“Həmçinin qurultay yeni parlament seçkilərinə qədər partiyanın faəliyyətinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib, yəni bu, müvəqqəti dayanmadır, dekabrın 31-ə qədər. Ancaq məlumatı haradan alıbsa, musavat.com saytı Liberal Partiyasının fəaliyyətini dayandırması haqda xəbər yayıb. Biz bilmirik ki, onlar bu məlumatı haradan alıblar”.
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev isə açıqlama yayılandan bir gün əvvəl partiyanı buraxmaq barədə düşünmədiyini demişdi.
Ancaq səhəri gün partiyasının buraxılması haqda bəyanat hökumətə yaxın saytlarda yayıldı.
Adının açıqlanmasını istəməyən başqa bir partiya rəhbəri də Meydan TV-yə demişdi ki, partiyasının buraxılması barədə xəbəri saytlardan oxuyub, araşdırdıqda, məlumatın Prezident Administrasiyasından ötürüldüyünü öyrənib.
2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.
Azərbaycanda hansı partiyalar buraxılıb?
Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Meydan TV