“Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər”
“Volt Azərbaycan” MMC (Wolt) Qida Təhlükəsizliyi Agentliyinin iddialarına cavab verib.
Şirkət bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, “Wolt” şirkəti öz fəaliyyətini davam etdirir:
“Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə “Wolt” öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib”.
“AQTA tərəfindən “Volt Azərbaycan” MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, – şirkətin məlumatında deyilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” (“Wolt”) Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
* * *
AQTA şirkətlə bağlı qərar qəbul edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” (“Wolt”) Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
Qurumun yaydığı məlumatda deyilir ki, bu MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
AQTA iddia edir ki, müəssisə ”Qida təhlükəsizliyi haqqında” Qanuna zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zənciri qorunmayıb, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşınıb, həmin nəqliyyat vasitələrində dezinfeksiya işləri aparılmayıb, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.
AQTA-dan bildirilib ki, aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Həmçinin MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
Bildirilir ki, qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub.
“Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırır”, – məlumatda qeyd olunur.
Son bir ildə daşınma şirkətləri ilə bağlı məsələlər tez-tez gündəmin əsas mövzusu olur.
Ötən il aprelin 21-də “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının aşağı olması ilə əlaqədar sosial şəbəkələrdə etiraz ediblər.
Bu il avqustun 1-də isə bir qrup kuryer idarə etdikləri mopedləri yol polislərinin saxlayaraq cərimə meydançasına aparmasına etiraz edib. Həmin etiraz aksiyasından dərhal sonra İşçi Masasının sədri Afiəddin Məmmədov saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Sonrakı günlərdə isə İşçi Masası İdarə Heyətinin üzvləri Ayxan İsrafilov və Elvin Mustafayev narkotik maddələrin əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə həbs olunublar. İşçi Masası İdarə Heyətinin daha bir üzvü Orxan Zeynalov isə onu təqib edənlərin əlindən qaçaraq yayına bilib və həbs təhlükəsi barədə sosial şəbəkə üzərindən məlumatlar yaydıqdan sonra Daxili İşlər Nazirliyi onun barəsində hər hansı icraat tədbiri olmadığı haqda açıqlama verib.