“Tərtər işi”: Validə Əhmədova vəkilinin oğurlandığını deyir

tərəfindən Gozetci

“Bilmirik, gələnlər, axtarış aparanlar kimlər olub”

2017-ci ildə Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən Elçin Quliyevin anası Validə Əhmədovanın hüquqlarını müdafiə edən vəkilin bu işlə bağlı təzyiqlərə məruz qaldığı bildirilir.

Bu barədə Meydan TV-yə Validə Əhmədova məlumat verib.

O bildirib ki, avqustun 7-də səhər saat 11 radələrində qəfildən vəkil Solmaz Kazımovanın evinə bir qrup şəxs axtarışa gəlib.

“Həmin vaxt evdə Solmaz Kazımovadan başqa bir də 11 yaşlı bacısı qızı olub. Bunlar uşağın gözünün qarşısında baş verib. Evdən kompüterini, telefonunu, sənədlərini götürüblər. Həmçinin Solmaz xanımı da aparıblar. O vaxtdan Solmaz xanımdan xəbər tuta bilməmişik. Bilmirik ki, gələnlər, axtarış aparanlar kimlər olub, vəkilimi hara aparıblar”, – Validə Əhmədova bildirib.

O, əmindir ki, Solmaz Kazımovanın evindəki axtarış da, aparılması da “Tərtər işi” ilə bağlıdır.

Validə Əhmədovanın sözlərinə görə, bir müddət əvvəl vəkili şifahi şəkildə bu məsələyə görə təzyiqə məruz qalmışdı.

“Təxminən 15-20 gün olar, “Tərtər işi” üzrə istintaq qrupunun rəhbəri Qasım Məmmədov Solmaz Kazımovanı çağırıb demişdi ki, cinayət işində generalların ifadələrini efirlərə ötürürsən. Halbuki yalandır. Solmaz xanım da deyib ki, belə bir şey yoxdur. Mən elə Qasım Məmmədovun yanında oğlumun qatili hesab etdiyim, lakin bu gün azadlıqda gəzən, şahid kimi dindirilən şəxslərin adları yer alan siyahı tərtib edib, vəkilə vermişdim. Demişdim ki, mən cinayət işinin materiallarını tam oxuya bilmirəm. Siz bu adamların ifadələrini mənə verin, oxuyum, tanış olum. O da həmin siyahıda olan adamların ifadələrini mənə verib. Vəssalam. O adamlar gəlib məhkəmədə ifadə verirlər. Məhkəmə də açıq keçirilir. Buna görə vəkilə təzyiq göstərmək nə deməkdir?”, – Validə Əhmədova belə deyib.

O hesab edir ki, Qasım Məmmədov da vəkilin həmin materialları mediaya ötürmədiyini bilir.

Onun fikrincə, baş verənlər zərərçəkmişlərə və müdafiəçiyə təzyiq məqsədi daşıyır:

“Azyaşlı uşağı qorxutmaq, ona o vəhşəti yaşatmaq nə deməkdir? Başqalarının hüquqlarını vəkil müdafiə edir, vəkilin özünə qarşı bu nə davranışdır? Mən oğlumun qatillərinin cəzalandırılmasını tələb edirəm, bunların mənim vəkilimin başına gətirdiyi oyuna baxın… Vəkili oğurlamaq nə deməkdir?”

Baş Prokurorluq Validə Əhmədovanın iddialarına cavab verməyib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Solmaz Kazımova axşam saat 18.00 radələrində sərbəst buraxılıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az