62 gün aclıq aksiyası keçirən şəxs təcridxanada dünyasını dəyişdi

tərəfindən Gozetci

1 saylı Bakı İstintaq Təcridxanasında 62 gün aclıq aksiyası keçirdiyi bildirilən Şaiq Kazımov vəfat edib.

Onun anası Nərminə Ələkbərova bildirir ki, oğlu aclığı şərləndiyinə görə başlamışdı.

Ananın sözlərinə görə, oğlu may ayının 24-də 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Mənim balamı arxadan 20 nəfər mülki geyimli şəxs əlində tapança, dəyənək evin blokunda çoxlu döyüblər. Oğlum səbəbini soruşanda uşağımın başını təpikləyib ciblərinə 700 qram nəşə doldurublar”.

Ələkbərova bildirir ki, oğlunun saxlanılması ilə bağlı ona Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib, onun narkotik satan olduğu deyilib:

“Dedim, axı biz kasıb adamlarıq, oğlum idmançıdır, çəkən deyil, satan deyil. Durub idarəyə getmişəm, eyni cavab verdilər”.

Bundan sonra polisin 102 xidmətinə şikayət etdiyini deyən N.Əkbərovanın sözlərinə görə, idarədə övladına ağır işgəncələr verilib.

Şikayətçi qeyd edib ki, oğlu təcridxanaya köçürüldükdən sonra ona zəng edib və şərləndiyini, bədənində bir sağlam yerin olmadığını deyib:

“İki gün sonra oğlum damarını doğradı. Oğlum mənə zəng vurub ora çağırdı ki, bəlkə bir də səni görmədim”.

Nərminə Ələkbərova qeyd edib ki, görüşdə oğlu ona İbrahim adlı polis əməkdaşının göstərişi ilə şərləndiyini deyib. Buna etiraz olaraq o, işinə obyektiv yanaşılması tələbi ilə aclıq aksiyasına başlayıb.

Şikayətçinin sözlərinə görə, övladının məsələsi ilə bağlı dəfələrlə yuxarı instansiyalara müraciət etsə də, şikayətləri nəticəsiz qalıb:

“Prezidentə, vitse-prezidentə, Baş prokurora, Ombudsmana iki aydır müraciət etmişəm ki, uşağım ölür. Həkimləri göndəriblər, həkimlər onlara deyiblər ki, aclıq yoxdur”.

Nərminə Ələkbərova bildirib ki, aclıq aksiyası zamanı övladı 66 kiloqram çəki itirdikdən sonra həyatını itirib:

“Aclığın 62-ci günü mənə deyiblər ki, uşağının halı pisləşib. Aparıblar müalicə müəssisəsinə orada guya sistem vurublar. Getmişəm uşağımı görməyə, dedilər ki, uşaq öldü. Mən tələb edirəm ki, uşağımın qanı yerdə qalmasın”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis vəzifəsini icra edən Elşad Hacıyev Meydan TV-yə iddiaların əsassız olduğunu deyib. Onun fikrincə ananın sözləri müdafiə xarakterlidir və müraciət olunarsa, araşdırıla bilər.

Penitensiar Xidmətdən isə araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcəyini deyiblər.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az