Gənc fəalın saxlanma məntəqəsində xəstələndiyi deyilir

tərəfindən Gozetci
Afiyəddin Məmmədov

Fevralın 20-də “Bəxtiyar Hacıyevə azadlıq” şüarı ilə keçirilən etiraz aksiyası zamanı saxlanaraq inzibati qaydada həbs olunmuş D18 Hərəkatının üzvü Afiyəddin Məmmədovun xəstələndiyi bildirilir.

Hərəkatının sədri Əhməd Məmmədli AzadlıqRadiosuna deyib ki, artıq bir neçə gündür Məmmədov güclü soyuqdəymədən əziyyət çəkir. Məmmədlinin sözlərinə görə, onun saxlandığı Daxili İşlər Nazirliyi İnzibati Qaydada Həbs Olununlanların Saxlanma Məntəqəsində həkim nəzarəti yoxdur: “Afiyəddin Məmmədov bununla bağlı müraciət etsə də, həkim gəlib ona baxmayıb. Afiyəddinin böyrəyində də problem var və bu soyuqdəymədən sonra vəziyyətini daha da ağırlaşdırıb”.

Məmmədli əlavə edib ki, saxlanma məntəqəsinə fəal üçün isti paltarlarını da normal qaydada buraxmırlar.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Afiyəddin Məmmədovun həbsi…

Fevralın 20-də bir sıra fəallar həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirmişdilər. Onlardan Afiyəddin Məmmədov, Samir Sultanov, Nemət Abbasov, Əli Məlikov və Nərmin Şahmarzadənin saxlandığı bildirilmişdi. Sonradan onlardan ikisinə – Məmmədov və Sultanova 30 sutka həbs verildi. Gənclər İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib. Amma onlar ittihamı qəbul etmirlər.

Xatırlatma

İctimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamla razı deyil.

Gənc fəalın həbsinə etiraz olaraq 51 gün aclıq aksiyası keçirdiyi və dünən, fevralın 28-də yaxınlarının təkidi ilə aksiyanı dayandırdığı bildirilir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az