Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev 21 gündür aclıq edir

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon təşkilatının sədri, 21 gündür həbsxanada aclıq edən Zamin Salayevin vəziyyəti ağırdır.

Fəal Bakı 1 saylı İstintaq Təcridxanasındadır və xuliqanlıq, vətəndaşa hücum kimi saxta ittihamlara etiraz edir.

Ailə üzvləri Turan-ın müxbirinə bildiriblər ki, yaxın vaxtlarda Zamin quru alcığa keçmək niyyətindədir.

“Aclıq etməsinə baxmayaraq, onu indiyədək ümumi kamerada saxlayırlar. Tibbi müşahidə yoxdur. 20 kiloqram arıqlayıb. Nə Ombudsman, nə də İstintaq Təcridxanasının tibb şöbəsi onunla maraqlanmır”,- adının açıqlanmasını istəməyən ailə üzvü bildirib.

Fevralın 24-də vəkil Nemət Kərimli bildirib ki, Zamin Salayevin səhhətində ciddi problemlər  və qanaması var. “Ailəsi və qohumları ilə görüşü qadağandır”, – vəkil deyib.

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) cinayət işi açılıb. Onu 5 ilədək həbs təhlükəsi gözləyir.

Zamin Salayev məhkəmədə bildirib ki, o, heç kimə hücum etməyib, əksinə, özünü hücumdan müdafiə edib. “Lökbatanda taksi gözlədiyim zaman naməlum şəxs məni təhqir etdi və bıçaqla hücum etdi. Mən başa düşdüm ki, bu, təxribatdır və özümü müdafiə etməyə çalışdım, sonra hücum edəni itələdim və hadisə yerindən uzaqlaşdım. Bir neçə dəqiqədən sonra mülki geyimli polislər məni dayandırdılar və 4 polis maşınının müşayiətilə Qaradağ Rayon Polis İdarəsinə apardılar”,- fevralın 20-də o, Bakı Apellyasiya Məhkəməsində hakimlərə bildirib.

Ancaq məhkəmə onun şikayətini təmin etməyib və həbsdə saxlayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az