Vəkil: 47 gündür aclıq edən Bəxtiyar Hacıyevin ürək nahiyəsində kəskin ağrılar baş qaldırıb

tərəfindən Gozetci

“Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 47 gündür aclığı davam etdirir. Onun səhhəti ağır olaraq qalır. Artıq ürək nahiyəsində kəskin ağrılar baş qaldırıb, əlləri keyiyir. Yuxuya gedə bilmir. Dedi ki, dünən gecə ümumiyyətlə yata bilməyib. Mən ondan çox israrla aclığı dayandırmasını xahiş etdim. Hacıyev sonadək aclığı davam etdirəcəyini dedi”.

Bu barədə vəkil Zibeydə Sadıqova fevralın 24-də Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, Hacıyev çəki itirməkdə davam edir.

“O artıq 20,5 kiloqram çəki itirib. Bu gün çəkisi 64 kiloqram (təcridxanaya qəbul ediləndə çəkisi 84.5 kiloqram olub) olub. Qan təzyiqi 95/65-dir. Su qəbul etdikdən sonra qanda şəkərin miqdarı 5,1 faizədək yüksəlib. Quru aclıq edəndə şəkərin miqdarı 3,2 faizə enmişdi“, vəkil qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən fəalın durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev hazırda 47 gündür aclığı davam etdirir. O, 5 gün su qəbulundan da imtina edib. İnsan hüquqları fəalı özünün və bütün siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Fevralın 23-də Bakının Xətai rayon Məhkəməsi hakim Rəfael Sadıqovun sədrliyi ilə istintaq orqanlının vəsatəti əsasında Hacıyev barəsində həbs-qətimkan tədbirini daha iki ay, aprelin 28-dək uzadıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az