Yanvarın 10-da Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin istintaq orqanının telefon danışıqlarını və görüşlərini qadağan etməsindən verdiyi şikayətə baxılıb.
Vəkil Sadıqovun Turan-a verdiyi məlumata görə, məhkəmə şikayəti qismən təmin edib. Məhkəmənin qərarı ilə müstəntiqin Hacıyevin yaxın qohumları ilə telefon danışığına və görüşünə qoyduğu qadağa ləğv edilib.
Bununla belə, başqa şəxslərlə telefon danışığına və görüşə qoyulan qadağa qüvvədə qalıb. Vəkilin bildirdiyinə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxs həm yaxın qohumları, həm də onun üçün qanuni maraq kəsb edən bütün digər şəxslərlə telefonla danışmaq və görüşmək hüququna malikdir.
Vəkilin sözlərinə görə, Hacıyevlə məsləhətləşmələrdən sonra müdafiə tərəfi məhkəmənin bu hökmündən şikayət verib-verməmək barədə qərar qəbul edəcək.
Məhkəmə iclası Hacıyevin iştirakı olmadan keçirilib.
* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.
Dekabrın 15-də Hacıyev həsbdən azad edilməsi tələbi ilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi növbəti dəfə həbsindən verdiyi şikayəti təmin etmədikdən sonra Hacıyev aclığı bərpa edib.
Turan