“Elektrik naqilləri köhnə və yararsız olduğu üçün külək əsən kimi sıradan çıxır, qəzalı vəziyyət yaranır”

tərəfindən Gozetci

“Gözətçi” xəbər verir ki, Goranboy rayonunun Qızılhacı qəsəbəsinin M. Hüseynzadə, 1 May, Qatır Məmməd, Ə. Hüseynov küçələrində elektrik təhcizatında problemlər var. Sakinlər deyir ki, evlərini elektirik enerjisi ilə az-çox təmin edən transformator aylar öncə çox yüklənmə nəticəsində sıradan çıxıb.

“Həmin vaxt transformatoru yenisi ilə əvəz etmək əvəzinə yanmış paylayıcının üst korpusunu saxlamaqla içərisindəki paylayıcı qurğunu əvvəlkindən də aşağı kilovoltlu ötürücü ilə əvəz ediblər. Nəticədə, 120-180 volt enerji evlərə ancaq ötürülə bilir. Elektirik xətləri adi formada bir-birinə calaq edilib, sötürücü qurğular, qızdırıcı avadanlıqlar tamamilə işləmir”.

Bunları Birinci Qarabağ qazisi Elxan Hüseynov Qızılhacılı qəsəbəsinin sakinləri adından “Gözətçi”yə bildirib.

Onun sözlərinə görə, elektrik naqilləri köhnə və yararsız olduğu üçün külək əsən kimi xətlər sıradan çıxır, qəzalı vəziyyət yaranır.

“Nəinki adlarını çəkdiyimiz küçələrin, hətta qəsəbədə yerləşən bütün elektrik dirəkləri 40-50 ilə aiddir. Qızılhacılı qəsəbəsinin 13000-ə yaxın sakini var, demək olar ki, 60-dan çox ailəsi işıq üzünə həsrət qalıb. Qəsəbənin hər küçəsində Qarabağ savaşlarının iştirakçısı, qazi, şəhid ailəsi var, amma bu qəsəbənin sosial, məişət problemləri bitib-tükənmək bilmir”.

Elxan Hüseynov deyir ki, sakinlər yerli Bələdiyyə sədrinə, Goranboy rayon Azərişıq EŞ-nin rəhbərliyinə, Azərbaycan Respublikası “Azərişıq” ASC-nin sədrinə yazılı və şifahi formada şikayətlər göndərsələr də, aylar keçməsinə baxmayaraq müraciətlərinə cavab yoxdur.

“Gözətçi” olaraq məsələ ilə bağlı “Azərişıq” ASC və Fövqəladə Hallar Nazirliyinə sorğu göndərilib.

 

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az