Goranboy sakini Məşğulluq Mərkəzindən şikayətçidir

tərəfindən Gozetci

İkinci Qarabaş müharibəsi iştirakçısı özünə iş tapa bilmir

Elxan Bayramovun 23 yaşı var. “Gözətçi”yə danışır ki, hələ İkinci Qarabağ müharibəsində iştirak etməmişdən əvvəl özünəməşğulluq proqramına qoşulmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Goranboy rayon şöbəsinə müraciət edib. Ancaq deyir ki, üç il keçməsinə baxmayaraq növbəsi hələ də yetişməyib.

“2020-ci ilin mart ayında rayonun Məşğulluq Mərkəzinə müraciət etdim. Sentyabr ayına kimi müraciətimə cavab gəlmədi. Daha sonra İkinci Qarabağ müharibəsi başladı və mən döyüşə yollandım. 2021-ci ilin sentyabr ayında müharibədən qayıtdıqdan sonra Məşğulluq Mərkəzinə yaxınlaşdım. Ancaq məlum oldu ki, ilk müraciətimdə məni heç qeydiyyata salmayıblar və bu dəfə qeydiyyata salındım”.

Elxan Bayramovun sözlərinə görə, dəfələrlə müraciəti ilə bağlı mərkəzə yaxınlaşıb məlumat almaq istədikdə, hər dəfə siyahıda çox adam olduğunu bildirərək növbəsinin çatmadığını bildiriblər.

“Gördüm ki, məndən sonra qeydiyyata düşənlər heyvanla təmin olunub, amma mənə hələ növbə çatmayıb. Getdim müraciət etdim ki, əgər mənə heyvan verilmirsə, avtomobil yuma aparatı ilə təmin edilim. Bu dəfə də dedilər ki, aparatın nə zaman gələcəyinin bilmirik. Bir sözlə, məni hər dəfə yola verirlər”.

Goranboy rayon Məşğulluq Mərkəzindən “Gözətçi”yə bildirildi ki, şikayətlə bağlı araşdırma aparılacaq.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az