Polkovnik Elnur Məmmədov Müdafiə Nazirliyinin departament rəisinin şikayəti əsasında həbs olunub
Bir müddət əvvəl sosial şəbəkələrdə Müdafiə Nazirliyini tənqid edən ehtiyatda olan polkovnik Elnur Məmmədov oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində məhkəmə zalında həbs olunub. Bu barədə Meydan TV məlumat yayıb.
Elnur Məmmədovu məhkəməyə Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev vermişdi. O, xüsusi ittiham qaydasında iddia qaldıraraq, E.Məmmədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edib.
Elnur Məmmədov çıxışlarında Müdafiə Nazirliyi sistemində yeyintilər, qohumbazlıq və bu kimi neqativ hallardan bəhs edib, müdafiə naziri Zakir Həsənovu ittiham edib.
Müdafiə Nazirliyi isə onun iddialarını təkzib edərək bu barədə rəsmi açıqlama yaymışdı:
“Xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq “Youtube” media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehtiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib”.
Bu açıqlamadan az sonra nazirliyin hüquq departamentinin rəisi məhkəmədə iddia qaldırıb.
Elnur Məmmədov isə özünü təqsirli bilməyib, tənqidi çıxışlarına görə cəzalandırıldığını deyib.
abzas.org