Nərmin işi: ‘…Ya da İlkindən gizli şəkildə polislər özləri girib o görüntülərə baxıblar’

tərəfindən Gozetci

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanova qarşı arqumentlərdən biri də budur ki, hadisə ərəfəsində onun telefonunda mütəmadi cizgi filmlərinə baxılıb. Bu barədə ekspertizanın rəyi var. Həmin rəy sentyabrın 7-də məhkəmədə elan olunub.

Süleymanovun işi üzrə il yarıma yaxındır davam edən məhkəmə prosesi sona yaxınlaşır. Prosesdə şahidlər də dindirilib, hazırda sənədlərin tədqiqi mərhələsidir.

Dindirilmə vaxtı videoya baxıb?

Cinayət işinin materiallarından məlum olur ki, 2020-ci il yanvarın 6-da yanmış meyit tapılandan sonra Süleymanov yanvarın 8-də şahid kimi dindirilib. Bu dindirmə saat 10:00-da başlayıb, 14:00-a qədər davam edib. Həmin ifadəsində bildirib ki, 19:30 radələrində siqaret çəkmək üçün evlərinin darvazasının ağzına çıxanda üzbəüzdə – dərəlik ərazidə yanğın olduğunu görüb. O əraziyə yerli sakinlər bəzən zibil atıb yandırdığına görə bir müddət əvvəl oradakı qoz ağacları yanmışdı. Bu dəfə də ağacların yanmaq ehtimalını nəzərə alaraq tez yanğın yerinə gedib. Orada meyit olduğunu görəndə dərhal evinin hasarı hadisə yerinə baxan Nazim Vəliyevi çağırıb. Daha sonra qonşuluqda yaşayan əmisi oğlu – polis serjantı Murad Süleymanovu çağırıblar. O da, öz növbəsində, komandirinə – Tovuz rayon Polis Şöbəsinin Post-Patrul Alayının rəisi Vüqar Hüseynova zəng edib.

Az sonra hadisə yerinə Tovuzun ovaxtkı polis rəisi Şirzad Əsgərov və müavini Şahlar Cəfərov gəlib. Daha sonra çoxsaylı başqa polislər də gəlib.

Sentyabrın 7-də məhkəmədə Süleymanovun telefonundakı görüntülər, onun nələrə baxması haqda ekspertiza rəyi elan olunub. Orada göstərilib ki, Süleymanov cizgi filmlərinə, müxtəlif qadınların fotolarına, şirniyyatlarla bağlı videolara və s. baxıb. Diqqətçəkən məqam isə 8 yanvarda çılpaq qadın və transseksuallara baxması haqda rəydə yazılanlardır. Rəyə əsasən, yanvarın 8-də saat 11:50 radələrində həmin görüntülərə baxılıb.

“Saat 10:00-dan 14:00-a qədər müstəntiqə ifadə veribsə…”

“Bu adam saat 10:00-dan 14:00-a qədər müstəntiqə ifadə veribsə, həmin görüntülərə necə baxıb? Ya belə çıxır ki, müstəntiq onu dindirəndə birlikdə baxıblar, ya da İlkindən gizli şəkildə polislər özləri girib o görüntülərə baxıblar. Bunun başqa yolu yoxdur. Bu nə oyundur?!”, – vəkillər belə deyir.

Müdafiə tərəfi hesab edir ki, Süleymanovun telefonundan məqsədli şəkildə cizgi filmlərinə, çılpaq qadın görüntülərinə baxılıb. Məqsəd isə gələcəkdə bundan sübut kimi istifadə edib, onun şəxsiyyəti ilə bağlı yanlış rəy yaratmaq olub. Vəkillərin fikrincə, o telefondan cizgi filmlərinə baxmaqda məqsəd isə Nərmini saxladığı müddətdə ona cizgi filmləri göstərməsi arqumenti formalaşdırmaq olub.

“Əsas məsələlərdən biri də budur ki, heç telefonun götürülməsi haqda protokol da yoxdur. Telefon şəxsi əşyadır. Ona baxış şəxsi həyata müdaxilədir və bunun üçün mütləq məhkəmə qərarı olmalıdır. Yoxdur belə bir qərar da, protokol da…”, – vəkil Əlibaba Rzayev bildirib.

Hadisəylə bağlı digər xəbərlər

Yanvarın 6-da axşam 8-dən sonra…

Süleymanov deyir ki, yanvarın 6-da saat 20:00 radələrində hadisə yerinə gələn polislər yanğını ilk görən və hadisəni telefonla videoya çəkən şəxs kimi onu götürüb Tovuz rayon Polis Şöbəsinə aparıblar. Həmin vaxt da telefonunu alıblar. Bir daha nə telefonu qaytarılıb, nə də özü buraxılıb.

“Ekspertiza rəyindəki cizgi filmləri, uşağa aid materiallar, qadın görüntülərinin mənə aidiyyəti yoxdur. Mən onlara baxmamışam. Aşıq Telliyə baxmışam, arxitektura ilə bağlı videoya baxmışam. Yanvarın 6-da saat 19:38-də sonuncu dəfə əmim oğlu Murada zəng eləmişəm. Ondan sonra mənim telefonuma gələn və gedən zənglərin mənə aidiyyəti olmayıb”, – bunu isə Süleymanov özü deyib.

Azyaşlı Nərminin oğurlanıb öldürülməsi məsələsi ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir. Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az