Məhəmməd Mirzəliyə görə Fransada iki nəfər həbs olunub

tərəfindən Gozetci

Jurnalistlərin hüquqlarını müdafiə edən Sərhədsiz Reportyorlar (RSF) təşkilatının məlumatına görə Fransada mühacirətdə yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəlinin qətlə yetirilməsi üçün göndərildikləri iddia olunan iki şübhəli iyunun 12-də Fransada həbs olunub.

Təşkilat hadisəni Mirzəlinin həyatına daha bir qəsd adlandırır və Fransa və Azərbaycan hökumətlərini bu məsələnin ən ciddi şəkildə araşdırılmasına çağırır.

RSF-nin məlumatında deyilir ki, Fransa polisi sözü gedən şübhəliləri iyunun 12-də blogerin yaşadığı Nant şəhərinin 90 kilometrliyində yerləşən Anje qəsəbəsindəki şose yolunda saxlayıb.

Bu da qeyd olunur ki, saxlananlardan biri azərbaycanlı, digəri isə türk əsilli moldovalıdır.

Xəbərdə deyilir ki, azərbaycanlının tapançası olub. Şübhəlilərin hər ikisi Polşa nömrəli maşınlarda olublar və hər iksinin GPS cihazı Məhəmməd Mirzəlinin ünvanına köklənibmiş.

Mirzəlinin RSF-ə vediyi məlumata görə şübhəlilərdən birində onun fotosu tapılıb.

RSF-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Jan Kavaliyer bu barədə deyib:

“Hər şeydən belə görünür ki, bu, Məhəmməd Mirzəlinin həyatına daha bir, sayca üçüncü və bundan əvvəlki iki cəhd qədər qorxunc daha bir qəsd cəhdi olub. İlham Əliyevi tənqid etdiyinə görə Fransada siyasi sığınacaq almış blogeri vurmaq üçün xaricdən xüsusi adamlar göndərilib”.

Mirzəli RSF-ə bildirib ki, o, gün ərzində, xüsusilə də YouTube üzərindən orta hesabla 2000 təhdid mesajı alır.

Bu təhdidlər əsasən Kaşalşnikov avtomatı ilə çəkilmiş profil fotolarından və “Mən burdayam” mesajından ibarət olur.

Bundan əvvəlki qəsd

Məhəmməd Mirzəli 2021-ci ilin martında Nantın mərkəzində bıçaqlanmışdı. Bu, onun həyatına ikinci sui-qəsd idi.

Bu hadisə ilə əlaqədar həbs olunmnuş 4 nəfərdən üçü Azərbaycanda, biri isə Gürcüstanda doğulmuşdu.

Onlar hadisə ilə əlaqədar mühakimə edilərək məhkum olunublar.

RSF-in məlumatında deyilir ki, prezident Əliyev söz və mətbuat azadlığını qəddarcasına təqib edir, amma bununla belə Azərbaycan hökuməti bu hücumlarla heç bir əlaqəsinin olmadığını bildirib.

Buna baxmayaraq Əliyevin müttəfiqləri Mirzəlini böhtan ittihamı ilə Fransada məhkəməyə veriblər.

Fransa məhkəməsi Azərbaycan iqtisadiyyat nazirinin keçmiş müavinlərindən biri tərəfindən təqdim olunmuş şikayəti ötən həftə qəbul etməkdən imtina edib.

Xatırlatma

Məhəmməd Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub, bloqqerdir. Fransada mühacirətdə yaşayır.

Özünün yazdığına görə, o, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib.

O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.

Bu iddialara da hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.

Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri ümumiyyətlə inkar edirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az